Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər

14:02 03-03-2021 | icon 2301
Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər

Vətən müharibəsində şanlı Qələbəmizdən sonra Cənubi Qafqaz regionunda davamlı
sülhün təminatı və bölgənin inkişafı üçün əlverişli şərait yaranıb. 30 ilə yaxındır ki, Ermənistanın
işğalçılıq siyasəti səbəbindən Qarabağ bölgəsi boz zonaya çevrilmişdi. Digər tərəfdən, artıq
tarixə qovuşan münaqişənin bu müddət ərzində aktiv olması təhlükəsizlik məsələsini hər zaman
şübhə altına atırdı. Çünki Ermənistanın təxribatçı davranışları bölgədə sağlam və dayanıqlı
əməkdaşlıq qurmaq üçün ciddi maneə idi.

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı hərbi-siyasi qələbəsi Qafqaz
regionunda yeni siyasi-iqtisadi reallıqlara yol açır. Belə ki, yanvarın 11-də Moskvada
Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş
nəticəsində imzalanmış növbəti bəyanat Cənubi Qafqazın iqtisadi mənzərəsini, kommunikasiya-
nəqliyyat xəritəsini yeni reallıqlar əsasında formalaşdırmaqla yanaşı, həm də tərəflərə yeni
iqtisadi imkanlar açır. Prezident İlham Əliyevin həmin görüşdən sonra mətbuata açıqlamasında
dediyi kimi, nəqliyyat kommunikasiyaların bərpası regionun inkişafına böyük dinamizm gətirə,
təhlükəsizliyi möhkəmlədə bilər. Nəqliyyat kommunikasiyaların açılması Azərbaycan,
Ermənistan, Rusiya xalqlarının, qonşularımızın mənafelərinə xidmət edir.

Postmüharibə dövründə Azərbaycanın əməkdaşlığa hesablanmış səmərəli təklifləri də göstərir ki,
bölgədə sülh və əməkdaşlıq, bu fonda yaranmış yeni reallıqların idarə olunması Azərbaycanın
adı ilə bağlıdır. Ümumiyyətlə, Azərbaycan hər zaman bu bölgənin hərəkətverici qüvvəsi olub.
Postmüharibə dövründə də vəziyyət eyni cür olacaq.

Azərbaycan Prezidenti yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat
konfransında qeyd edib ki, müharibədən sonra regiondakı vəziyyəti çox yüksək qiymətləndirirəm
və hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün unikal imkanlar yaranıb. Çünki bir
daha qeyd etmək istəyirəm ki, biz və bizim bir çox tərəfdaşlarımız hesab edir ki, müharibə başa
çatıb. Ölkə başçısı əlavə edib ki, nikbinliyə digər səbəb olan amil odur ki, bizim qonşularımız
bizim fikirlərimizi bölüşür və regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı
bizim aramızda fikir ayrılığı yoxdur: “Mən deyə bilərəm ki, Türkiyə, Rusiya, İran rəhbərləri ilə
bu məsələ ilə bağlı mənim bir çox söhbətlərim olub. Xarici işlər nazirləri, Baş nazirlər və Baş
nazirlərin müavinləri səviyyəsində məsləhətləşmələr, təmaslar olub və biz faktiki olaraq tam
yekdil fikir sərgiləyirik ki, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki
postmüharibə dövrü doğrudan da yeni imkanlar açır: əməkdaşlıq üçün, qarşılıqlı ticarət üçün,
kommunikasıyaların açılması üçün, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal
imkanlar yaradır. Təkcə Zəngəzur dəhlizinə əgər biz fikir versək, görərik ki, bu, təkcə Rusiya,
Azərbaycan, Türkiyə, İran, Ermənistan maraqlarına cavab vermir, bu, qonşu ölkələrin də
maraqlarına cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət
meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, hər bir icra edilən layihə özündən sonra digər layihəni
də gətirib çıxaracaq”.

Ermənistan gec-tez acı məğlubiyyətin səbəbinin özündə olduğunun fərqinə varacaq.
Azərbaycanla, qardaş Türkiyə ilə əməkdaşlığın vacib olduğunu nəhayət ki, Ermənistanda dərk
edəcəklər.

Odur ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Bu dövlət postmüharibə dövrünün reallıqları ilə,
necə deyərlər, ya razılaşmalıdır, ya da ki...

Ya da sadəcə olaraq, növbəti dəfə bu şansı itirə bilər. Necə ki, 90-cı illərdə itirib.
Çünki ölkə başçısının da qeyd etdiyi kimi, yaxın tarix də göstərir ki, nəyi hədəfləmişiksə, ona da
çatmışıq.

Bəli, 44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünü təmin etmədi, eyni
zamanda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunmasını da şərtləndirdi.


Mahir Allahyarov
Saatlı rayon “Dönüş” qəzetinin redaktoru


Digər xəbərlər

0.30334091186523