Qalib xalqın şanlı Ordusu

16:05 08-03-2021 | icon 2003
Qalib xalqın şanlı Ordusu

Tariximizə nəzər salsaq, mənfur erməni cəlladlarının 1988-ci ilin fevralından,
Azərbaycanımızın ən dilbər, ən füsunkar guşəsi olan Qarabağımızda Topxana meşəsini
dağıtmaqla başladıqları , 30 ildən çox idi ki, davam edən bu mübarizənin bir gün sona
çatacağını, işğal altında olan Qarabağın qara bəxtinin bir gün ağ olacağını xalqımız
böyük səbr, əzm və ümidlə gözləyirdi... Və artıq bu ümidlərimiz gerçək oldu. Başda
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla, müzəffər
ordumuzun güclü əzmi, igidliyi nəticəsində uzun illərdir gözlədiyimiz zamanın və səbrin
vəhdətində Ordumuz qalib gəldi.
Müzəffər Ordumuzun səfərbər hərbçiləri, bir qanadı yaralı olub əngin səmalarda
süzə bilməyən məğrur qartalımızın - Azərbaycanımızın yaralı qanadını sağaltmaqdan
ötrü canlarını belə əsirgəmədilər və ölməzlik qazandılar.
Azərbaycanın qəhrəman oğulları Ali Baş Komandanın ətrafında sıx birləşərək,
“Dəmir yumruq” əməliyyatı adı altında əks hücuma keçib, düşmənə ən ağır sarsıdıcı
zərbələr endirərək “dəmir yumruq”la başını əzdilər. Öz canları, qanları bahasına
döyüşərək ədaləti bərqərar etdilər, ərazi bütövlüyümüzü yenidən qaytardılar.
Düşməndən intiqamımızı döyüş meydanında alaraq, torpaqlarımızı hərbi yolla azad
etdilər, qısa müddət ərzində qələbəni qazandılar.
Azərbaycan Ordusu bu müharibədə bütün dünyaya öz gücünü göstərdi. Yüksək
dözüm və peşəkarlıq nümayiş etdirərək ən ağır silahlardan məharətlə istifadə etdilər,
düşmənin müdafiə xətlərini yarmaqdan ötrü inanılmaz fiziki qüvvə ilə sal, sıldırım
qayalara aşağıdan yuxarı dırmaşdılar, misilsiz mərdlik, fədakarlıq və qəhrəmanlıq
göstərdilər. Vətən müharibəsində strateji planlaşdırma və peşəkar komandanlığın
vəhdəti, bütün elementlərin düzgün kombinasiyası nəticəsində qələbəni qazandıq. Əldə
olunmuş bu Qələbədə bütün qoşun növlərimizin öz payı, böyük xidmətləri oldu. Eyni
zamanda, planlaşdırmanın düzgün aparılması, pilotsuz uçuş aparatlarının rolu,
hədəflərin düzgün seçilməsi, çətin təbii relyefə baxmayaraq peşəkar hərbi heyət- xüsusi
təyinatlılarının böyük xidməti, vahid komandanlıq düşməni göz açmağa belə imkan
vermədi və 30 ildən çoxdur ki, xalqımıza olmazın faciələr, müsibətlər yaşadan mənfur
erməni xalqının etdiyi vəhşiliklərin qisası alındı, Şəhidlərimizin qanı yerdə qalmadı.
Səngərdə vuruşan general Poladımızın, silahlanmış vəhşi ermənilərin üzərinə təkbaşına
hücuma keçən Mübarizimizin, əsgərlərinə, - “Şəhidimizi aparın, mən sizi qoruyacam”,
deyərək, təkbaşına vuruşub şəhid olan leytenant Xalidimizin və minlərlə igid
oğullarımızın qisası alındı. Vətənin, xalqın, torpağın azadlığı uğrunda mübarizəyə
qalxan, sonadək var qüvvəsini əsirgəməyən, ölümün gözünə dik baxan, igidliyin ən ali
pilləsini fəth edən fatehlərimiz- Şəhidlərimiz öz yaşadıqları şərəfli ömür salnaməsi ilə
əbədi olaraq tariximizin səhifələrində özlərinə ən yüksək yer tutdular və onlar heç vaxt
gələcək nəsillərin yaddaşlarından silinməyəcəklər. Öz canları bahasına
bütövləşdirdikləri Vətənin tarixində əbədilik, ölməzlik qazandılar, qəhrəmanlıqları
bundan sonra da əbədi olaraq xalq dastanlarında əzbər olacaqdır. İntiqamı alınan
minlərlə Şəhidlərimizin rahat olmuş ruhları qarşısında baş əyirəm!

Rizvan Həsənov,
Saatlı rayon C.Cabbarlı adına 3 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.21583294868469