Müstəqil Azərbaycanın ilk Konsitutsiyasının hazırlanmasında Ulu Öndərin rolu

16:25 12-11-2021 | icon 1560
Müstəqil Azərbaycanın ilk Konsitutsiyasının hazırlanmasında Ulu Öndərin rolu

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk,
ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud
olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona
görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın
19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca
ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya
Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil
edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq
olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan
SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında
qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik
edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların
qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz ümummilli lider Heydər Əliyevin
təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu.
Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr
olunmuş, onun hüquqi statusu şişirdilmişdi. Bu konstitusiyada isə Dağlıq Qarabağ və onun
orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış,
yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı. Ümummilli lider Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının -
azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk
konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu
müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu
konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və
sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi
həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin
təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir
sənəddir. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz
çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya
normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə,
ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki,
Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas
prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli Lider
dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun
müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər
bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi.
Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə:
ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş
cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi,
dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının
layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya
xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri

dəyərlərə hörmət hissini ehtiva edir. Heydər Əliyev həm Konstitusiyamızın, həm də
azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və
dinamik inkişafına cavab verən milli dövlətçiliyi - müstəqil Azərbaycan Respublikasını
qoyurdu. Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan
dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər
bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev
qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın
müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik
prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”.

İslam Cəfərli
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.41931104660034