Ədliyyə işçilərinin peşə bayramıdır

18:38 22-11-2021 | icon 1234
Ədliyyə işçilərinin peşə bayramıdır

22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür.

 Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşı Leyla Salihova peşə bayramı ilə bağlı fikirlərini bölüşüb. O, ədliyyə sahəsində islahatların davam etdiyini bildirib: “Ümummilli lider Heydər Əliyev  ədliyyə işçilərində mənəvi stimul yaradılması məqsədilə 11 noyabr 2000-ci ildə “Ədliyyə işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 22 noyabr tarixli qərarı ilə Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq olunmasını əsas tutaraq hər il 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycanda Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilib. 26 may 2006-cı ildə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul olunub. Bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.  Prezidentin 17 avqust 2006-cı il tarixli Fərmanına əsasən,  Ədliyyə Nazirliyinin strukturunda aşağıdakı yeni qurumlar yaradılıb:  Qanunvericilik baş idarəsi,  Qeydiyyat və notariat baş idarəsi, Ədliyyə Akademiyası,  İnsan hüquqları və ictimaiyyətlə əlaqədar idarəsi.

 

Azərbaycanda "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə müraciət imkanlarını daha da genişləndirir, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısını alır, şəffaflıq və operativliyin artırılmasını təmin edir. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması məhkəməyə işlərinin  iştirakçıları tərəfindən "şəxsi kabinetə" malik olaraq məhkəməyə gəlmədən  elektron formada müraciət etmək, sənədlərlə tanış olmaq, proses iştirakçılarına məhkəmənin gedişi, qərarlar və onların icra vəziyyəti və digər məlumatları əldə etmək imkanlarını yaradır”.

L.Salihova 2017-ci ildə imzalanan "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamın önəmini isə belə izah edib: “Sərəncamda cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması,  cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrin tətbiq olunması nəzərdə tutulub.

Prezidentin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Azərbaycan ədliyyəsinin inkişafına yönələn daha bir mühüm sənəd 2019-cu ilin 3 aprelində imzalanan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmandır. Fərmana əsasən, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən çevik baxılmasının təmin edilməsi Fərmanda xüsusi vurğulanır. Azərbaycanda İnzibati-iqtisadi məhkəmələr ləğv edilib, yeni kommersiya məhkəmələri və inzibati məhkəmələr yaradılıb.

Cəza siyasətinin humanistləşdirilməsində və cinayətlərin dekriminallaşdırılmasında ardıcıl tədbirlər görülüb, Cinayət Məcəlləsində bir sıra mühüm dəyişikliklər edilib.

Milli ədliyyə sistemində daha bir yenililik mediasiya institutunun tətbiqidir.  2019-cu il  29 mart tarixində  “Mediasiya haqqında” Qanun qəbul edilib. Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorlarının statusunu müəyyən edir. Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur”.

Leyla Salihovaqeyd edib ki, ədliyyə işçiləri aparılan islahatlara, verilən tapşırıqlara məsuliyyətlə yanaşaraq üzərlərinə düşən vəzifələri hər zaman  layiqincə yerinə yetirirlər.

 

 

 

Digər xəbərlər

0.24845695495605