Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi

14:37 20-12-2021 | icon 2313
Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi

NATO-nun Baş katibinin dəvəti əsasında Prezident İlham Əliyevlə Alyansın Baş
katibi Yens Stoltenberq arasında görüşdə təşkilatın rəhbəri Azərbaycanın Alyansın
dəyərli tərəfdaşı olduğunu vurğulayıb və silahlı qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli
dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan
sülhməramlılarının Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olduqlarını, onların
120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə verdiklərini
diqqətə çatdıraraq, buna görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Prezidenti İlham Əliyev Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və
bu münasibətlərin davamlı şəkildə möhkəmləndiyini qeyd edib. Söhbət zamanı
postmünaqişə dövründə regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb və
Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu diqqətə çatdırılıb.
Həmçinin regiondakı təhlükəsizliklə bağlı bəzi məqamlara da toxunulub.Prezident İlham
Əliyev respublikamızın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq
əlaqələri qurduğu, alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji
müttəfiqlik münasibətlərinin mövcud olduğu barədə də məlumat verib.
Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”
Proqramı ilə tərəfdaşlığının vacibliyi vurğulanıb. Bu çərçivədə ölkəmizin NATO-nun
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına və digər proqramlarına fəal qoşulduğu,
ordumuz ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf
etdiyi, Azərbaycanın NATO-nun təlimlərində, habelə ikitərəfli əsasda Türkiyə ilə ölkəmiz
arasında reallaşan təlimlərdə iştirakı məsələləri ətraflı müzakirə olunub.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm
rola da toxunulub. Eyni zamanda, ölkəmizin NATO-nun “Qətiyyətli dəstək” missiyasının
həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr təqdir
edilib.
Prezident İlham Əliyevin səfər çərçivəsində NATO-nun Şimali Atlantika Şurasının
iclasında iştirakı da bir sıra əhəmiyyətli məqamlarla yadda qalıb. Bu toplantıda
Azərbaycan-NATO əməkdaşlığının dinamik inkişafına toxunulub, Azərbaycan və NATO
silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin daha da
gücləndirilməsinin zəruriliyi və Azərbaycanın Avropanın enerji təchizatında fəaliyyəti,
regional proseslərdə önəmli rolu qeyd edilib.
Prezident İlham Əliyev ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu,
Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyaya 2002-ci ildə başladığını və
bu il avqustun sonunda bitirdiyini qeyd edərək bildirib: “Azərbaycan hərbçiləri
Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi.
Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin
əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun
hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı
üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu
da regionda sülh və sabitlik işinə xidmət edir”.

Vəliyeva Südabə Eminağa qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının direktoru


Digər xəbərlər

0.20893096923828