Müharibəyə görə Azərbaycanda da qızıl bahalaşır

21:43 28-02-2022 | icon 1563
Müharibəyə görə Azərbaycanda da qızıl bahalaşır

Dünya bazarında qızıl sürətlə bahalaşır. Hətta ötən həftə əmtəə birjalarında qiymətli metalın 1 unsiyasının qiyməti 3,5% artaraq 1977 ABŞ dollarına çatıb. Hazırda bu qiymət 1905-1910 dollar arası dəyişir. 

Keçənhəftəki qiymət ötən ilin iyun ayından bəri “Comex” markası üzrə ən yüksək olandır. Xarici bazardakı bahalaşma Azərbaycan bazarına da təsir göstərməkdədir. 

 

Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, hazırda bir unsiya (31 qram) qızıl 3249 manatdır. Belə ki, ölkədə qızılın qramı 100-105 manat arası dəyişir. Amma təbii ki, sözügedən məbləği ticarətçilər alver əsnasında artırıb-azalda bilirlər. 

Mütəxəssislər hesab edir ki, qızılın bahalaşması Rusiya-Ukrayna münasibətləri ətrafına yaranmış geosiyasi gərginliklə bağlıdır. İqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə, adətən bu kimi hallarda investorların qızıla tələbatı artır və bu da qiymətə təsir edir: “Əslində qızılın qiymətində yüksəliş tendensiyası xeyli vaxtdır ki, başlayıb və qiymət hər unsiya üçün 1850-1860 dollara gəlib çatmışdı. Amma son günlərin geosiyasi gərginliyi qızılı bir qədər də bahalaşdırıb. Qızıl elə bir maliyyə alətidir ki, qlobal iqtisadiyyatda risk artdığı zaman istər-istəməz investorlar ona yönəlirlər. Bu da qiymətin yüksəlməsinə təsir edir. Hazırda qızıl bazarında bir qədər stabilləşmə var və qiymət 1915 dollardır. Bu rəqəmin necə dəyişməsi vəziyyətdən asılı olacaq. Hələ ki, qızılın çox ucuzlaşması gözlənilmir və qiymət azı 1900 dolların üstündə qalacaq”. 

C.İbrahimli Azərbaycan bazarının xarici bazara reaksiya verməsinə normal yanaşır: “Dünya bazarındakı vəziyyət Azərbaycanda da zərgərlik işləri ilə bağlı olan spot bazarda qiymətlərə sirayət edir. Odur ki, daxili bazarda qızılın qiymətinin yüksəlməsi normal haldır”.


Digər xəbərlər

0.21551918983459