Xalqımızın və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır

22:22 28-03-2022 | icon 2772
Xalqımızın və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır

Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi
tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi
diqqət və qayğı göstərir. Martın 17-də Prezidentin Bolqarıstanda  keçirilmiş Avropa
çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar,
Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Bu, çox
böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız
birinci yerə layiq görülmüşdür.
Prezident İlham Əliyevin çempion güləşçilərimizlə görüş zamanı söylədiyi kimi, idman hər bir
ölkənin qüdrətini əks etdirir: “Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında
ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri
daha da böyük uğurlar qazanırlar. Bu mənada Azərbaycanın idman dövləti kimi beynəlxalq
nüfuzu getdikcə daha da artır. Ümumiyyətlə, idman sahəsində uğuru şərtləndirən bir neçə
amil var. Onlardan da ən vacibi dövlətin idman və idmançılara göstərdiyi qayğıdır. Bu gün
idmanın bütün növləri üzrə istedadlı gənclər yetişməkdədir. Hazırda dünyada həm də idman
sahəsində mövcud olan rəqabət mühitində Azərbaycan idmançıları da fərqlənir və
bayrağımızı uca tutur. Prezident İlham Əliyevin də söylədiyi kimi, “beynəlxalq yarışlarda bizim
idmançılarımız öz gücünü, eyni zamanda dövlətimizin qüdrətini nümayiş etdirirlər”.
Azərbaycan həm də beynəlxalq idman qurumlarının rəğbətini qazanıb. Uğurlu idman siyasəti,
olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir
idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq
idman yarışlarının keçirildiyi məkana çevrilib. Son onillikdə Bakıda və Azərbaycanın
regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır.
Prezident İlham Əliyev çıxışında Vətən müharibəsindən sonra idmançılarımızın beynəlxalq
yarışlarda qalib dövləti təmsil etdiklərini xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanın
İkinci Qarabağ savaşında qazandığı möhtəşəm zəfərlə güclü-qüdrətli ölkə olduğunu, qələbə
əldə edilməsində idman amilinin də çox böyük rol oynadığını bildirərək, ötən 18 ildə
gənclərdə vətənpərvərlik hisslərinin daim yüksək olmasına çalışdığını qeyd edib. Dövlətimizin
başçısı daha sonra deyib: “Biz uzun illər-30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər
siyasi arenalarda məğlub edilmiş ölkə kimi təmsil olunurduq. Bunu etiraf etmək nə qədər
ağırdırsa, o qədər də sadədir. Yəni, biz həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bəli, bu
məğlubiyyətin səbəbləri var idi, ovaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun
olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bunlar var idi. Məhz
bu amillər məğlubiyyəti şərtləndirmişdir. Amma həqiqət o idi ki, torpaqlarımız işğal altında idi
və biz sübut etməli idik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı işğalçılardan azad
edəcəyik və etdik...”Ölkə rəhbərinin sözləri ilə desək, amma Azərbaycan torpaqları işğal
altında olduğu 30 il ərzində idman sahəsində əldə edilən uğurlar, bayrağımızın qaldırılması,
himnimizin səsləndirilməsi vətənpərvərlik hisslərini daha da gücləndirirdi və hər birimizə bir
daha göstərirdi ki, əgər biz idman yarışlarında düşməni təmsil edən idmançıları məğlub edə
biliriksə, döyüş meydanında da mütləq qələbə qazanacağıq. Zaman bu əminliyi sübuta
yetirdi.Dövlətimizin başçısının nitqində idmançılara müraciəti də diqqət çəkib: “Siz gənclər
artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz.

Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə
Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər,
yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ
müharibəsi haqqında qürur hissi ilə danışırlar... Biz qalib ölkəni, müzəffər xalqı təmsil edirik.
Biz müharibəni ləyaqətlə aparmışıq, bütün müharibə qanunlarına riayət edərək aparmışıq.
Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul
olmamışıq...”.Bəli, Azərbaycan Vətən müharibəsində öz ləyaqətini, insanpərvərliyini nümayiş
etdirdi. Halbuki xalqımızda düşmənə qarşı dərin nifrət var idi. Çünki işğalçı tərəfindən
ölkəmizə qarşı soyqırımı törədilmişdi, etnik təmizləmə siyasəti aparılmışdı və qisas hissinin
olması təbii idi. Ancaq Azərbaycan düşməndən intiqamı döyüş meydanında aldı, savaşı
müharibə qanunlarına uyğun həyata keçirdi, özünü mübarizədə ləyaqətlə apardı, düşmən
tərəfində mülki əhali arasında itkilər 30-dan da az oldu.Silahlı qüvvələrimizdəki bu fəallığı bir
amil də şərtləndirirdi. Bu da ordumuzun döyüş hazırlığının yüksək səviyyədə olmasından irəli
gəlirdi. Belə ki, uzun müddətli işğal zamanı əsgər və zabitlərimizin müharibəyə hazırlığı
diqqət mərkəzində saxlanılmışdı, bunun üçün irimiqyaslı təlimlərin keçirilməsinə, ordunun Ali
Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılmasına, artilleriya
və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsinə mühüm önəm verilmişdi.
Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı müasir texnologiyalar əsasında
hazırlanan silahlardan istifadə edərək həyata keçirdiyi hücum taktikası dünya praktikasında
ilk oldu – silahlı qüvvələrimizin hücum taktikası hərbi mütəxəssislər tərəfindən XXI əsrdə
aparılacaq müharibələrin modeli kimi qəbul edildi.Dövlətimizin başçısı çıxışının sonunda azad
edilmiş torpaqlarda idmanın inkişafına da xüsusi önəm veriləcəyini xatırladaraq, indidən bu
işlərlə məşğul olunduğunu, Qarabağ və Şərqi Zəngəzurda stadionlar, idman kompleksləri və
digər idman qurğularının tikiləcəyinin bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını da
diqqətə çatdırıb.
Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi


Digər xəbərlər

0.21484589576721