Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən Lider

11:17 10-05-2022 | icon 414
Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən Lider
loading...
Milli Məclisin deputatı Cavanşir Paşazadənin müsahibəsini təqdim edirik:

-Cavanşir müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik.  Zaman hadisələrin düzgün təhlilində və dəyərləndirilməsində zəngin mənbədir. Fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir. O illərin reallıqları fonunda Ümummilli Liderin  xilaskarlıq missiyasını necə şərh edərdiniz?

-Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev haqqında danışmaq mənim üçün həm çətin, həm də böyük məsuliyyətdir. İllər keçdikcə Ümummilli Liderin xidmətlərinin böyüklüyünü, Azərbaycanın gələcəyini düşünərək nə qədər biri-birindən önəmli addımlar atdığını görürük.  Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bugününün və gələcəyinin əsasıdır. O illərdə  baş verən hadisələr, görülən işlər  bəlkə də həmin zamanlarda adi görünə bilərdi, amma illər keçdikcə atılan hər bir addımın bugünümüzə hesablandığı, Azərbaycanın davamlı inkişafı üçün möhkəm təməl olduğu  daha aydın görünür.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarına nəzər salaq. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedirdi. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi. Bölgələrimizdə, paytaxtın ayrı-ayrı məhəllələrində silahlı dəstələr hökmranlıq edirdilər.  Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi.  Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı.  Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Vətəndaş müharibəsi artıq başlanmışdı.

Bu reallığı da qeyd etmək yerinə düşər ki, Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik  arzularını, ənənələrini  məhv edə bilməmişdir. Yaşanan çətinliklərə, təhlükələrə baxmayaraq xalqımızda sabaha bir ümid var idi. Xalq öz xilaskarına-ulu öndər Heydər Əliyevə üz tutaraq onun hakimiyyətə qayıdışı nəticəsində bütün çətinliklərin arxada qalacağına əmin idi.

Hər zaman Azərbaycanın gələcəyini düşünən Ümummilli Lider xalqının səsinə səs verdi, hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Dövlət müstəqilliyimizin əsasları gücləndirildi. Azərbaycan müstəqil dövlət kimi dünya birliyində yeri və mövqeyini möhkəmləndirmək istiqamətində atdığı uğurlu addımların nəticəsini gördü. Ümummilli lider Heydər Əliyev sabitliyi bərpa etdi, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etməklə ölkəmizin iqtisadiyyatının dirçəldilməsinə, dünya iqtisadi sisteminə inteqrasiyasına nail oldu. 1994-cü il mayın 12-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım Azrbaycanın hərtərəfli inkişafının təmin edilməsində əsas amilə çevrildi. Belə ki, həmin ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” imzalandı. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə Dövlət Neft Fondu yaradıldı. Bütün bu addımlar Azərbaycanın bugününə və gələcəyinə hesablanmışdı.

Ölkəmizin iqtisadi qüdrətinin artması, cəbhə xəttində atəşkəsə nail olunması nəticəsində ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı, nizami ordu yaradıldı. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması xüsusi diqqətdə oldu. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin səbəbləri məlumdur. O vaxt nizami ordu yox idi, ordu quruculuğu aparılmırdı, Ölkəyə rəhbərlik edən  səriştəsiz, idarəçilik qabiliyyəti olmayan qüvvələri dövlət maraqları deyil, özlərinin  şəxsi ambisiyalarını həyata keçirmək düşündürürdü. Məhz onların xəyanəti nəticəsində Şuşanın, Laçının, Kəlbəcərin mənfur düşmən tərəfindən işğal olunması Dağlıq Qarabağla Emənistan arasında coğrafi bağlantı yaratdı.  Ermənistanın Azərbaycan torpaqlarını işğal etmək niyyəti reallığa çevrildi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Ulu Öndər tərəfindən yaradılan möhkəm təməl üzərində döyüş qabiliyyətini daha da artıran, maddi-texniki bazasını möhkəmləndirən, dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə ordu quruculuğu oldu. Bunu dövlət başçısı bütün çıxışlarında diqqətə çatdırır. Çünki Azərbaycan müharibə vəziyyətində idi, torpaqlarımızı işğaldan azad etməli idik. Dövlətimiz daim bu qətiyyətli mövqeyini bəyan edirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmir. Azərbaycan tarixi Qələbəyə imza atmaqla həyata keçirdiyi siyasətin düşünülmüş, məqsədyönlü və gələcəyə hesablanmış, ən əsası siyasətində müstəqil olduğunu  bir daha təsdiqlədi.

-Ümummilli lider Heydər Əliyevin bugünümüzə hesablanmış addımları sırasında azərbaycançılıq ideologiyasının təbliği, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal ətrafında birliyi də əsas yer tutur.  Ulu Öndərin əsl azərbaycanlı obrazını necə təqdim edərdiniz?

- Tarixi Zəfərimizdən bəhs etdik. Bu Qələbədə dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti ilə yanaşı, xalqımızın, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi də əhəmiyyətli rol oynadı. Bu birliyin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət Heydər Əliyev əsl azərbaycanlı idi. Onun atdığı hər bir addımın əsasında Vətən, torpaq sevgisi, xalqına bağlılıq dayanırdı. Heydər Əliyev Vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmət etməyin  nümunəsi idi. Bu sevgisi ilə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi.

Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənəsinin təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I qurultayı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımzın birliyini, həmrəyliyini təmin etdi. Artıq o vaxtdan bizləri ayıran 21 ildə 4 qurultay keçirilib. Hər bir qurultay keçirilən yolun təhlili və hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu günlərdə dünyaya səs salan, azad Qarabağda, azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V qurultayı   Zəfər Qurultayı kimi tarixə yazıldı. Qurultayda Azərbaycan diasporunun ötən dövrdə, o cümlədən 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi fəallıq təqdir edildi, postmünaqişə dövrünün reallıqlarının həyata keçirilməsində onların qarşısında dayanan vəzifələr açıqlandı. 30 ilə yaxın dövrdən sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gəlməsi qürurvericidir. 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin qatıldığı Zəfər Qurultayında dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışında birliyimizin, həmrəyliyimizin fonunda nail olduğumuz tarixi Zəfərimizdən və bu birlik sayəsində işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən geniş bəhs olundu. 

Azərbaycanın tarixi Qələbəsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edirlər. Bu səfərlər tarixi hadisə kimi dəyərləndirilərək Vətənə, torpağa sevgini, xalqa bağlılığı da ortaya qoyur. Hər zaman xalqa arxalanan, dünya azərbycanlılarının birliyinin daha da möhkəmləndirilməsinə səy göstərən dövlət başçısı İlham Əliyevin Vətən müharibəsinin gedişi dövründə də xalqa müraciətləri bir çox məqamların təqdimatında, xalq-Prezident birliyinin möhkəmlənməsində mühüm amil kimi vurğulanır.  Bu gün işğaldan azad edilmiş əraziərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri də xalqın birliyinin təcəssümüdür.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə etimadın və inamın növbəti ünvanını göstərməklə özünün sona çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin başa çatdıracağına əminliyini ifadə etmişdir. Son 18 ildən artıq dövrün əsas hədəfi torpaqlarımızın işğaldan azad edilməsi idi. Ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirləri artıq reallıqdır. Torpaqlarımız işğaldan azad edilib, üçrəngli bayrağımız bu ərazilərdə dalğalanır, onların malik olduğu potensial imkanlardan istifadə edib gələcəkdə ölkəmizin inkişafına davamlı töhfələr vermək üçün “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Tezliklə Böyük Qayıdışın da sevincini yaşayacağıq. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli, qalib Azərbaycandır. Tarixi Zəfərimiz milli qürurumuzu, kimliyimizi özümüzə qaytardı. Bu gün qalib ölkənin müzəffər xalqı kimi qürurluyuq. Alnımız açıq, başımız ucadır. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.   

-  Cavanşir müəllim, Ulu öndər Heydər Əliyevlə bağlı hansı xatirələrinizi bölüşmək istərdiniz?

- Böyük xoşbəxtlikdir ki, ulu öndər Heydər Əliyevlə dəfələrlə görüşmək, onun tapşırıqlarını eşitmək mənə də qismət olub. Həmçinin Ümummilli Liderin Lənkərana səfərləri zamanı da belə görüşlərin iştirakçısı olmuşam.

Bir xatirəni, ən əsası ulu öndər Heydər Əliyevin xalqa sevgisini nümayiş etdirən bir hadisəni qeyd etmək istərdim.  Lənkəranda tədbirlərin birində qəflətən yağışın yağması nəticəsində Ulu Öndərin çıxış etdiyi məkanda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyuldu. Ümummilli Lider buna razılıq vermədi. Bildirdi ki, mənim xalqım əgər yağışda dayanıb məni dinləyirsə, mən niyə onlarla həmin vəziyyəti paylaşmayım. Dahi şəxsiyyət bu addımı ilə nə qədər həssas yanaşma ortaya qoymuşdur.

Müşahidə etdiym belə məqamları xeyli sayda sadalamaq olar. Bütün bu addımların təməlində ulu öndər Heydər Əliyevin Vətənini, xalqını böyük məhəbbətlə sevməsi, hər zaman xalqa arxalanması dayanırdı. Bu gün bu birliyi Prezident İlham Əliyevin atdığı davamlı addımlarda görürük.  Xalq-Prezident birliyi əbədidir, sarsılmazdır. Dahi şəxsiyyət Heydər Əliyevin söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdim: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərini, Vətən sevgisini bir yazıda əhatə etmək mümkün deyil. Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilib, vətənpərvərlik hisslərini daha da möhkəmləndirməsinə çağırışlar edir.


Digər xəbərlər

0.24129390716553