Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır

15:01 10-05-2022 | icon 1923
Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30
ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi,
iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır.
Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər
Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq
missiyasını üzərinə götürərək hakimiyyətə gələn Ulu Öndər hər dəfə Azərbaycanın
müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə
çatmışdır. Ümummilli lider Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm
dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində
layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etmişdir. Ulu Öndər bugünkü güclü,
qüdrətli Azərbaycanı yaratmış, ölkəmizin müstəqilliyini qorumuş, inkişaf etdirmiş və
bütün dünyaya tanıtdırmışdır. Ümummilli lider Heydər Əliyevin adı və şərəfli həyat yolu
Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz
nümunəsi kimi əsrlər boyu yaşayacaq, möhkəmlənəcək və Azərbaycanın gələcək
nəsilləri üçün örnək olacaqdır.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz fəaliyyətində həmişə
xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz
dəstəyini əsirgəməmişdir. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının
sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev
müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın
mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir. Azərbaycanın iqtisadi, sosial inkişaf
səviyyəsinə görə bölgədə liderlik adını qazanması, müasirləşməsi, yeniləşməsi,
respublikanı əhatə edən quruculuq işlərinin geniş vüsət alması ümummilli liderimiz
Heydər Əliyev ideyalarının hər bir Azərbaycan vətəndaşı tərəfindən həyata keçirildiyinin
bariz nümunəsidir. Ulu Öndərin ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi
uğurların, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində
çoxşaxəli fəaliyyətin əsasında dayanır. Ölkəmizin dünya birliyinə inteqrasiyası bir daha
göstərir ki, Azərbaycanın inkişaf strategiyasını uzaqgörən siyasəti ilə müəyyənləşdirən
Heydər Əliyev dühası, zəkası, neçə-neçə onillər üçün hesablanmış perspektivlər ölməz
siyasətçinin fədakarlığının nəticəsidir. Bütün məqamlarda insan amilinə diqqəti önə
çəkən Prezident İlham Əliyevin islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı
sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər
Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan
vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha
da gücləndirmişdir.
Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi
imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində
Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq
miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü
və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycan Heydər Əliyevin
fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı
təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin
əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını
sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına,

dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri
təşkil etmişdir. Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan
münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bilmişdir. 1994-cü ilin mayında
Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunmuşdur. Atəşkəs
Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla
aparılması baxımından mühüm addım olmuşdur. Müstəqilliyin ilk illərində mövcud olan
ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş
Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edilmiş,
Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə
bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş,
hərbi intizam möhkəmləndirilmişdir. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini
qorumağa qadir olan, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Zəfər qazanaraq ərazi bütövlüyünü təmin edən Orduya malik olması Ulu Öndərin
Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən birinin bariz nəticəsi sayıla
bilər. Bütün dünya azərbaycanlılarının milli iftixarı Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Həqiqət Həziyeva
Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi


Digər xəbərlər

0.21526288986206