Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir”

13:56 20-05-2022 | icon 1805
Səttar Möhbalıyev: “Azərbaycanla Litva arasında əlaqələr inkişaf etməkdədir”

“Azərbaycanın xarici siyasi strategiyasının mühüm tərəflərindən birini Avropa
ölkələri ilə münasibətlər təşkil edir. Bu istiqamətdə Azərbaycanla Litva arasında
bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, turizm, mədəniyyət, təhsil
sahəsində əməkdaşlıq əlaqələri dinamik olaraq inkişaf etməkdədir. Yeri
gəlmişkən, xatırladım ki, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdən biri olub. İkitərəfli münasibətlərdə hüquqi baza formalaşıb, bir sıra
mühüm sənədlər imzalanıb. Davamlı olaraq hər iki ölkə əlaqələrin inkişafında
maraqlı olduqlarını nümayiş etdirir və bu istiqamətdə fəallıq nəzərəçarpacaq
dərəcədə yüksəkdir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı
səfərlər bu əlaqələri daha da möhkəmləndirir. Bu istiqamətdə mayın 18-də Litva
Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfərini əhəmiyyətli hesab
edirəm və ikitərəfli əlaqələrimizə mühüm töhfə olacağına inanıram. Həmçinin
səfər bütün sahələr üçün, xüsusilə iqtisadi əməkdaşlığımızın daha da
dərinləşməsinə gətirib çıxaracaq. Azərbaycanda əlverişli biznes mühütünün
mövcudluğu hamıya aydındır, bu litvalı investorlar üçün də, təbii ki, sərfəlidir.
 Azərbaycan-Litva biznes forumunun keçirilməsi, bu aspektdə müzakirələrin
aparılması və bir sıra sənədlərin imzalanması hər iki ölkə üçün son dərəcə
əhəmiyyətlidir”.


Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.


S.Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan-Litva
biznes forumunda səsləndirdiyi bir sıra məqamlara diqqət çəkib:

“Azərbaycan dünyanın, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas
aparıcı dövlətlərdən birinə çevrilməkdədir. Həyata keçirilən uğurlu layihələr, o
cümlədən nəhəng Cənub Qaz Dəhlizinin reallaşdırılması bunu deməyə imkan
verir. Qeyd edim ki, əgər ölkəmizdə əvvəllər neft-qaz sektoru investisiya üçün
daha çox cəlbedici idisə, aparılan uğurlu islahatlar nəticəsində artıq bu gün
qeyri-neft sahəsi də xarici şirkətlərin maraq dairəsindədir. Prezidentimizin ifadə
etdiyi kimi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritet təşkil
edir. Təbii ki, bu da ölkə iqtisadiyyatının hərtərfli inkişafı və dayanıqlı olması
baxımından çox vacibdir. Son 4 ayda ölkə iqtisadiyyatında 7,2 faiz artmın
müşahidə olunması, xüsusən bunun qeyri-neft sektorunda 11,4 faiz təşkil
etməsi, həmçinin ixrac potensialının yüksəlməsi, işsizlik səviyyəsinin xeyli
aşağı düşməsi, Azərbaycanın iqtisadi qüdrətinin artan tempini bir daha
təsdiqləmiş olur. Qeyd etdiyimiz bütün bu məqamlar dövlətimizin başçısı cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən effektli islahatların faydalı
nəticələridir”.
“Azərbaycan və Litva prezidentlərinin mətbuata bəyanatlarla çıxışı zamanı
dövlətimizin başçısı Azərbaycanın mövqeyini bir daha ortaya qoydu: Cənubi
Qafqazda sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət. Bu, onu göstərir ki, ölkəmiz
bölgədə davamlı sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır.
Təbii ki, Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar da buna əsaslanır. Odur
ki, 30 ilə yaxın bir müddət ərzində özünün işğal siyasəti ilə regionu iflic edən,
inkişafına mane olan Ermənistandan fərqli olaraq Azərbaycanın mövqeyi sülh
və təhlükəsizlik şəraitində qarşılıqlı əməkdaşlıqla bütün regionun hərtərəfli
inkişafını hədəfləyir”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.24652194976807