Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

09:44 02-06-2022 | icon 1631
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən
qurulduğu bir vaxtda, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı
parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu
məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar
etdiyi müstəqillik ideyası unudulmadı. Ümummilli lider Heydər Əliyevin respublikada
uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli
mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının
güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası
özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalqımız Cümhuriyyətin
istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq
təntənə ilə qeyd edir.
28 Mayda – Azərbaycanın Müstəqillik Günündə “TEKNOFEST Azərbaycan”
Aerokosmik və texnologiya festivalında Azərbaycan-Türkiyənin Bakıda bir araya
gəlməsinin qardaşlığının rəmzi kimi də qiymət vermək olar.
Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx
əməkdaşlıq etmiş, Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət,
iki dövlət" olmuşlar. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək
səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir
daha əmin oldu.
Azərbaycan dövlət başçısının vurğuladığı kimi, bu, “Bir millət – iki dövlət”in 104 il
öncəki kimi şad gündə də, dar gündə də həmişə birgə olduğunun daha bir təzahürü
idi.“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini
qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut
etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın
dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır” deyə İlham
Əliyev çıxışında söyləmişdir.
Dövlət başçımız festivaldakı çıxışında qeyd etmişdir ki, ikinci Qarabağ savaşı
zamanı Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun
yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh, ilham və inam vermişdir. Həmçinin
İlham Əliyev “Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və
“TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur
“Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif
buyurmaları əlamətdar hadisədir.
Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan eyni zamanda çıxışında birlik və
qardaşlığımızın əbədi olmasına nümunə kimi 1915-ci il Çanaqqala zəfərini yada saldı,
“1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və
biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də
bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” dedi, Şuşa
Bəyannaməsini xatırladaraq, sənədin qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik
səviyyəsinə çatdırdığını söylədi
Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu
və qardaşlığı sarsılmazdır və daim belə də davam edəcəkdir.

Hüseynov Sədafər,
Saatlı rayon Ağsaqqallar Şurasının sədri


Digər xəbərlər

0.25766491889954