Səttar Möhbalıyev: “IX Qlobal Bakı Forumu dünyadakı bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək”

15:40 17-06-2022 | icon 1454
Səttar Möhbalıyev: “IX Qlobal Bakı Forumu dünyadakı bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək”

“Hazırda ölkəmizdə qlobal miqyaslı tədbir keçirilir. 9-cu dəfədir ki, baş tutan
Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə
müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma
ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər
ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları,
beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edir.
Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir. Dövlətimizin başçısı
cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə reallaşan Forumun budəfəki mövzusu da xeyli önəmli
məsələdir. Belə ki, hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir
ki, fəsadları getdikcə artmaqdadır. Təhlükəsizlik məsələləri, ərzaq böhranı,
enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu
istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul
olunacaq qərarların faydalı olacağına əminəm”.


Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

“Açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev
Azərbaycanın regional təhlükəsizliklə bağlı yanaşmalarını aydın şəkildə izah
etdi. Görürük ki, ölkəmizin mövqeyi regionda sabitliyə, dayanıqlı sülh və
təhlükəsizliyə əsaslanır. Bu istiqamətdə Azərbaycanın təşəbbüsləri bütün region
dövlətləri, o cümlədən Ermənistan üçün də faydalıdır. Uzun illər davam etmiş
bu ölkənin işğal siyasəti regionda gərginlik yaradır, təhlükəsizliyi pozur, iqtisadi
əlaqələrin inkişafına əngəllər törədirdi, həmçinin beynəlxalq hüququn
prinsiplərini heçə endirirdi.

Bu baxımdan Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur. Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə
dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına
zəmin yaradır”, - Milli Məclisin deputatı bildirib.


“Çıxışında cənab Prezident kommunikasiyaların açılması məsələsinə də
toxundu. Məlumdur ki, Ermənistan bu məsələdə üzərinə öhdəliklər götürüb,
lakin 2020-ci il 10 noyabr bəyanatının imzalanmasından bu qədər vaxt keçsə
də, hələ ki, Zəngəzur dəhlizinin açılması məsələsinə tərədüdlə yanaşır, səbəbsiz
yerə prosesi ləngidir. Bu barədə mən əvvəlki açıqlamalarımda da demişəm ki,
Zəngəzur dəhlizi Ermənistanın özü üçün də, bütün region üçün də faydalı
olacaq. Hamı, o cümlədən Ermənistan tərəfi də anlamalıdır ki, bu məsələ
müharibənin nəticəsi olaraq ortaya çıxıb və reallaşması şübhəsizdir.
Dövlətimizin başçısı da Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa
zamanda həlli gələcək regional sülhün fundamental elementlərindən olduğunu
ifadə etdi”, - AHİK sədri vurğulayıb.

O əlavə edib ki, Prezident İlham Əliyev hələ də status xəyalları ilə yaşayanlara,
Minsk qrupunu yenidən diriltməyə çalışanlara da aydın və məntiqli şəkildə
yerini göstərdi. S.Möhbalıyevin sözlərinə görə, yeni reallıqlar fonunda bu
məsələlər tarixin arxivinə yuvarlanıb: “Azərbaycan qalib və güclü dövlətdir,
diktə edən tərəfdə odur. Ermənistan da bunu dərk etməli, prosesi ləngitməyə
çalışmamalıdır”.


Digər xəbərlər

0.27305197715759