Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb

09:54 01-07-2022 | icon 323
Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb

Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı təmir-tikinti işləri davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu çərçivədə cari ildə Şamaxı şəhərində uzunluğu 13 kilometr təşkil edən 18 küçənin təmiri işlərinə başlanılıb. Təmir işlərinin aparıldığı sahə 73 min 587 kvadratmetrdir.

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Bu işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri tamamlanan küçələrdə hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri görülür.

İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunub ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 kilometr olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.

Təmir zamanı zəruri yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, 8503 poqonometr yeni piyada səkiləri inşa edilib, 20 min 522 poqonometr səki daşı yenilənib.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 120 və 123-cü kilometrində Şamaxı şəhərinə giriş-çıxışda, həmçinin Bakı şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə eyni səviyyəli yol qovşaqlarının tikintisi aparılıb.

Hər iki yol qovşağı arasında uzunluğu 3,1 kilometr olan magistral yolun yenidən qurulması, piyada səkilərinin bərpası və yenilərinin inşası, həmçinin yol kənarında yaşıllıqların salınması işləri də layihə üzrə həyata keçirilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Şamaxıda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək.

Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb
Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb
Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb
Şamaxı şəhərində 18 küçədə təmir işlərinə başlanılıb

Digər xəbərlər

0.18941283226013