“Sabah”ın qapısına niyə penalti təyin edilmir? - Video

15:41 05-09-2022 | icon 1581
“Sabah”ın qapısına niyə penalti təyin edilmir? - Video

“Sabah” klubu Azərbaycan Premyer Liqasının 5-ci turunda “Səbail”lə üz-üzə gəlib. 0:0 hesablı heç-heçə ilə başa çatan oyunda qalmaqallı an yaşanıb.

Belə ki, matçın 63-cü dəqiqəsində “Sabah”ın müdafiəçisi Con İrasabal cərimə meydançasında rəqib hücumçu Qoba Zakpaya qarşı kobud oynasa da, hakim penalti təyin etmir.

 

Maraqlısı odur ki, qarşılaşmanın baş hakimi Nicat İsmayıllı epizoda baxmaq üçün VAR ekranına belə yaxınlaşmır.

Bu “Sabah”ın leyhinə verilən ikinci qərardır. Ötən tur “Qəbələ” ilə matçda da hakim Əliyar Ağayev qayda pozuntusu olduğu halda VAR kamerasına gedib baxmamışdı.

Sabiq FİFA referisi Tahir Süleymanov “Qafqazinfo”ya açıqlamasında hər iki epizodun qayda pozuntusu olduğunu bildirib: “Çempionat yeni start götürəndən əsasən 5-6 turdan sonra hakim qərarlarına reaksiya verilir. Hətta VAR sistemi olmadan ənənəvi olaraq belə olub. İlk turlarda komandalar optimal forma yığır, psixoloji olaraq xal saymır, “hələ oyunlar çoxdur” düşüncəsi ilə yanaşılır. Son mövsümlər ilk turlardan hakim idarəçiliyinə etirazlar çoxalıb. Yeni sistemin tətbiqi də kömək etmir. Səbəbsiz deyil. Hakimlər nə vaxt planlı hazırlıq, təlim-məşq toplanışları  keçdiklərini, çoxsaylı yoxlama görüşlərini idarə etdiklərini unudublar artıq. 4-5 ildi AFFA-nın başı əcnəbi sədrlərin təyinatlarına, hakimlər arasında yaradılan intriqalara qarışıb. Hakimlər rəsmi qarşılaşmalarda praktiki təcrübə yığmağa məcburdurlar. VAR sistemindən sonra isə referilərdə ümumiyyətlə arxayınlaşma, passivləşmə müşahidə edilir. VAR otağı da yersiz müdaxilələrlə baş hakimlərə mane olur. Bu amil referilərin  konsentrasiyasının itirilməsinə gətirib çıxarır. Əvvəlki turlar çox müzakirə edilib Son iki görüşdə “Sabah”ın iştirakı ilə matçlarda penalti epizodları diqqət mərkəzindədir. Bu, o komandadır ki, “Neftçi” ilə matçda ardıcıl 3 penalti qazanmışdı. İstər “Qəbələ”, istərsə “Səbail”lə oyunlarda aşkar qayda pozuntularıdır. Qəbələdə top qapı istiqamətinə gedərkən müdafiəçi açıq əllə oynayır. Rəqiblə mübarizədə müdafiəçinin sol əli top vurularkən bədən qoruyucusu funksiyasını daşımır.

Növbəti matçda “Səbail”in hücumçusu ona ötürülən topu öncədən düşünərək mükəmməl ram edib sol ayaqla qapı istiqamətinə çönərək zərbə mövqeyinə çıxır. Müdafiəçi mübarizədə tam olaraq rəqibə uduzur. Belə epizodlarda adətən hər iki tərəf bir-birinə qarşı əllə formadan tutma, çəkmə və ya bədəni saxlamaq hərəkətləri edir. “Səbail”in futbolçusu topu düşünərək müdafiəçiyə fikir vermirdi və çox yüksək ustalıqla bir hərəkətlə rəqibdən sıyrıldı. “Sabah”ın oyunçusu iki əllə rəqibi tutub saxladı. Hücumda olan futbolçu çox əlverişli mövqeyə çıxırdı və epizodun əvvəlindən qayda pozuntusuna kimi heç bir simulyasiya meyilliyi yox idi. Niyə də olsun ki? Özü-özünə qısa məsafədən rahat topu qapıya vurmaq şansı yaratmışdı. Çevik, koordinasiyalı hərəktdə rəqibin xırda müdaxiləsi qayda pozuntusu üçün yetərlidir. Meydanın mərkəzində oxşar, daha yüngül epizodlarda referi cərimə zərbəsi təyin edirdi.

Ötən mövsüm “Sabah” hakim haqsızlıqları ilə üzləşmişdi, obyektiv iradlar bildirilmişdi. Bu mövsüm əksi baş verir. Sabah nə olacağını zaman göstərəcək.

İlk turlara baxanda yeganə fərq, 6-7 dəqiqəlik VAR otağı-referi “iclas”larının 2-3 dəqiqəyə enməsidir”.

 

 

 
 
 

Digər xəbərlər

0.26347088813782