Prezident İlham Əliyevin növbəti diplomatik uğuru

09:18 06-09-2022 | icon 1108
Prezident İlham Əliyevin növbəti diplomatik uğuru

  Bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir. Görkəmli siyasi xadim olan Prezident İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüsləri ilə də daim seçilir. Bu, onu göstərir ki, dövlətimizin başçısının siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu əhatə edir.

      Avropa İttifaqı Şurasının təşəbbüsü ilə keçirilən sülh danışıqlarında Azərbaycan üstünlüyünü bir daha təmin etdi. Brüsseldə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının növbəti, dördüncü mərhələsi reallaşdı. Bunun ardınca Prezidentmizin  2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı böyük maraqla qarşılanıb. Ən əsası odur ki, Azərbaycanın əzmi və iradəsi sayəsində artıq Qafqazın siyasi üfüqlərində sülh görünməyə başlamaqdadır. İki ölkənin xarici işlər nazirlərinin formalaşdıracağı işçi qrup mümkün sülh müqaviləsinin mətnini hazırlayacaq. Bu mətn bizim irəli sürdüyümüz beş baza prinsipi əsasında hazırlanacaq və sadəcə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə aid olacaq.

      Dövlət başçımız bəyan etmişdir ki,  bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Prezident öz müsahibəsində qeyd etmişdir ki, sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib. Məlumdur ki, Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Aydındır ki, səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.

       Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasəti çox uğurla həyata keçirilir. Təkcə keçmiş Qarabağ münaqişəsi ilə bağlı deyə bilərik ki, bir zamanlar böyük problemə çevrilən bu münaqişə artıq tarixdə qalıb. Artıq azərbaycanlılar öz doğma yurdlarına qayıdırlar. Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm.

Rafiq Ağayev,

YAP Cəlilabad Rayon Təşkilatı sədrinin müavini


Digər xəbərlər

0.41668105125427