Xaincəsinə törədilən növbəti təxribata layiqli cavab

13:35 16-09-2022 | icon 1484
Xaincəsinə törədilən növbəti təxribata layiqli cavab

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Erməni diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bir gün sonra, sentyabrın 13-ü saat 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə olunmaqla sərhəd boyunca atəşkəs intensiv şəkildə yenidən pozulub.

Ermənistan Azərbaycana qarşı təxribat törətdi və layiqli cavabını da aldı.              

        Dünya birliyinə, o cümlədən, erməni təxribatlarını görməzdən gələrək ona dəstək verməkdə davam edən qüvvələrə yaxşı məlumdur ki, ardıcıl olaraq sərhəddə silahlı toqquşmalar təşkil edən qonşularımızın əsas məqsədi aparılan sülh danışıqlarını pozmaq, sülh sazişinin imzalanmasını mümkün qədər ləngitməyə çalışmaqdır. Aydın görünür ki, Ermənistan revanşist əhval-ruhiyyədən əl çəkməyib. Azərbaycan ordusu da məhz döyüş sahəsində ermənilərin həm canlı qüvvələrini, həm də külli miqdarda olan silah-sursatını, hərbi texnikasını sıradan çıxartdı.

Bu təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbiçiləri şəhid olub, hərbi və mülki infrastruktura böyük ziyan dəyib, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların təhlükəsiz yaşamaq, sağlamlıq hüquqlarının pozulmasına səbəb oldu.  Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır. Törədilən hər təxribatdan sonra Ermənistan silahlı qüvvələri layiqli cavablarını alsalar da, Azərbaycan əsgərinin qəhrəmanlığına, yüksək hazırlıq səviyyəsinə, ordumuzun ən müasir silahlarla təchiz olunduğuna dəfələrlə şahid olsalar da çox təəssüf ki, pozuculuq fəaliyyətlərindən imtina etmək istəmirlər.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Bildiririk ki, beynəlxalq aləm Ermənistanın bu qeyri-adekvat hərəkətlərinə lazımi qiyməti verməli, etiraz səsini ucaltmalı və sərt addımlar atmalıdır.

Etibar Sadıqov,

Cəlilabad Peşə Təhsili Mərkəzinin direktoru


Digər xəbərlər

0.25002002716064