Dövlətimizin əməli addımları dəstəklənir

17:20 20-09-2022 | icon 1260
Dövlətimizin əməli addımları dəstəklənir

Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı bir daha göstərdi ki,  ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olan Azərbaycanın bu təşkilatla dərinləşən və genişlənən münasibətləri ölkəmizin maraqlarına tam cavab verir. ŞƏT-in məqsədləri arasında yer alan terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı kimi məqamlar ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Ərazi və əhali baxımından dünyanın ən böyük ölkələrindən bir neçəsini özündə birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu regional təsisatın Zirvə görüşünə Prezident İlham Əliyevin dəvət olunması, aparılan müzakirələrdə fikirlərinin öyrənilməsi və dəstəklənməsi dediklərimizin əyani təsdiqi, həmçinin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramın əlamətidir.

        Dövlətimizin başçısı Sammitdə Zəngəzur dəhlizinin əhəmiyyətini iştirakçı dövlətlərin diqqətinə çatdırıb. Təbii ki, dəhlizin açılması ŞƏT-də təmsil olunan ölkələr üçün səmərəli olacaq. Ermənistan maneələr yaratmaq əvəzinə, Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsində daha çox maraqlı tərəf olmalıdır. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan dəfələrlə düşmənçiliyə son qoymağa hazır olduğunu bəyan etmiş və bütün qonşu dövlətlərin iştirakı ilə regionda inkişafın və əməkdaşlığın təmin olunduğu reallığı qəbul etməyə çağırır. Bu kontekstdə Azərbaycan regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün əməli addımlar atır.

       Zirvə görüşündə dövlətimizin başçısı sentyabrın 13-də dövlət sərhədində Ermənistanın hərbi təxribatlarını qeyd etdi və əsl həqiqəti dünya ictimaiyyətinə çatdırdı. Göstərdi ki, təxribatçı dövlət münasibətlərin normallaşmasında, sülh danışıqlarının aparılmasında maraqlı deyil, təcavüzkar xislətindən əl çəkmək istəmir. Bu cür əməllər Ermənistanın, onsuz da, ağır olan vəziyyətini daha da gərginləşdirməkdədir. Təcavüzkar dövlət son hadisələrdən dərs çıxarmalı, bu kimi təxribatlardan çəkinməlidir. Sammit çərçivəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü dəstəkləndi, Ermənistanın normallaşma prosesini əngəlləyən əməlləri dost və qardaş ölkələrin diqqətinə çatdırıldı və onlar tərəfindən pislənildi. Prezident İlham Əliyevin keçirdiyi ikitərəfli görüşləri, apardığı danışıqları ölkəmiz üçün əhəmiyyətli hesab edirəm.

Ramil Əmənov,

Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə


Digər xəbərlər

0.28438591957092