Səttar Möhbalıyev: “Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək”

11:37 23-09-2022 | icon 1414
Səttar Möhbalıyev: “Laçın rayonu yaxın gələcəkdə ölkə iqtisadiyyatına mühüm töhfələr verəcək”

“Bu gün hər birimiz uzun illər işğal altında olan Laçın şəhərində böyük
əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımızı görəndə qəlbimiz fərəh
hissi ilə dolur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev sentyabrın 21-
də şəhərin mərkəzində bayrağımızı ucaldarkən bir daha bildirdi ki, bu bayraq
burada əbədi dalğalanacaq. Məlumdur ki, işğala qədər mühüm geostrateji
mövqeyə malik Laçın Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Lakin
rayonun işğal olunması ölkəmizin iqtisadiyyatına xeyli ziyan vurdu, dövlət və
xüsusi mülkiyyətə zərər yetirildi, əhalisi etnik təmizləməyə məruz qaldı.
Ermənistanın vandal əməllərinin izləri burada da dərindir. Rayonun təbii
resursları talan edilirdi, gəlir mənbəyi kimi istifadə olunurdu. Onlar yaşayış
məntəqələrinin coğrafi adlarını dəyişərək özününküləşdirməyə çalışırdılar.
Həmçinin beynəlxalq hüququn bütün prinsiplərini tapdalayaraq Suriyadan,
Livandan olan erməni əsilli qaçqınlar məqsədyönlü şəkildə həmin ərazilərə
köçürür, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərə əl
atırdılar. Azərbaycan dəfələrlə bu hərbi cinayət barədə beynəlxalq təşkilatları
məlumatlandırmışdı, xüsusilə münaqişənin həlli missiyasını öz üzərinə
götürmüş Minsk qrupunu. Yenə də onlar təcavüzkar dövlətin bu kimi hərbi
cinayətlərinə, digər çirkin əməllərinə laqeyd yanaşır, müxtəlif bəhanələrlə
münaqişənin həlli prosesini ləngidirdilər. Bir sözlə, Minsk qrupu nümayiş
etdirdiyi ədalətsiz mövqe və ikili standartlar səbəbindən öz vəzifələrini icra edə
bilmədi. Bu missiyanı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri şərəflə yerinə yetirdi, beynəlxalq
hüququn Ermənistan tərəfindən pozulmuş prinsiplərini bərpa etdi, separatçı
qüvvələrə tutarlı dərs verdi, işğalçı ordunu məhv etdi. Bu, tarixi bir missiya idi ki, Azərbaycan Ordusu bunun öhdəsindən cəmi 44 günə gələrək tarixi ədaləti bərpa etdi”.


Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.


“Ermənistan tərəfi hələ də reallıqları qəbul etmək istəmir, hərbi təxribatlara əl
atır, mina terrorunu davam etdirir. Bu onu göstərir ki, Azərbaycanın sülh
çağırışlarına adekvat cavab vermək niyyətlərində deyillər. Anlamırlar ki, qalib
ölkənin bütün səyləri regionda sülh və sabitliyə əsaslanır, ümumilikdə regionun
hərtərəfli inkişafını hədəfləyir. Gərək onlar bu ilin 13 sentyabrında baş verən
hadisələrdən ciddi nəticə çıxarsınlar. Bilsinlər ki, bu kimi əməlləri ilə düşdükləri
bataqlıqda daha da dərinliyə enəcəklər. Prezident İlham Əliyev Laçın şəhərində
bir daha bəyan etdi ki, “əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli
cavabını verəcəyik”. Odur ki, onların yeganə xilas yolu qalib ölkənin diktə
etdiyi sülh təklifidir, bununla razılaşmalıdırlar”, - Milli Məclisin deputatı
bildirib.

“Bu gün Laçın rayonu ərazisində sürətli və sistemli abadlıq-quruculuq işləri
həyata keçirilir, avtomobil yolları, enerji və su təchizatı, daxili infrastrukturlar
yaradılır, yaşayış məskənləri salınır. Görülən bütün işlər Prezident İlham
Əliyevin şəxsi nəzarətindədir. Dövlətimizin başçısı rayona səfər edərək görülən
işlərlə maraqlanır və hər səfərində hansısa obyektin ya açılışını edir, ya da
təməlini qoyur. İnanırıq ki, yaxın gələcəkdə Laçın ölkəmizin inkişaf etmiş
rayonlarından biri olacaq, əraziyə qayıdacaq sakinlər öz ata-baba yurdunda
əbədi və xoşbəxt yaşayacaqlar”, - S.Möhbalıyev qeyd edib.


Digər xəbərlər

0.29427719116211