Qalib xalqın qalib Silahlı Qüvvələri

18:44 24-09-2022 | icon 1170
Qalib xalqın qalib Silahlı Qüvvələri

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs 2020-ci ilin 27 sentyabrında başlanan haqq işini layiqincə yerinə yetirdi, Vətən torpaqlarını işğaldan azad etdi, tarixi ədalət və beynəlxalq hüququ bərpa etdi, regionda tamamilə yeni mənzərə, yeni reallıq yaratdı.

       Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar ordu quruculuğu sahəsində məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

        Azərbaycan Ordusunun  Zəfər paradında Prezident, Ali Baş Komandan bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, onun başını əzdi.

        Prezidentin Azərbaycan Ordusunun bundan sonra da gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar düşmənə daha bir açıq xəbərdarlıqdır.

       Cənab İlham Əliyev bundan sonrakı dövrdə Ordumuzun daha da güclənməsi baxımından işlərin davam etdiriləcəyini dəfələrlə bildirib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır.

       Düşünürəm ki, Prezident İlham Əliyevin regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin bundan sonrakı dövrdə də gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bir daha düşmənimizə açıq xəbərdarlıqdır. Yəqin ki, onlar bundan düzgün nəticə çıxaracaqlar.

İlkin Zeynalov,

Cəlilabad rayonu, Vətən müharibəsi iştirakçısının atası


Digər xəbərlər

0.26611399650574