44 günlük Vətən müharibəsi şanlı tariximizdir

10:30 29-09-2022 | icon 1606
44 günlük Vətən müharibəsi şanlı tariximizdir

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq.
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi
bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq
hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı
müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz
bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
 
 
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin
döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin
cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr kasasını daşırdı.
İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən
qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı.
  Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə
xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq
Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün
dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər
Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi
sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək
düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın
bu qələbəsinə kölgə sala bilməz.
  44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin və
həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan oğulları
döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, alnımızdan
da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli  Ordumuza və
Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!
  Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son
qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız inanırdı ki, bu
gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz yurd-yuvasından
ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.
  Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27
sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin
əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən
işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 ilə yaxın
gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə II  Qarabağ
müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə daxil olan əzəli və
tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz başlamış oldu.
  Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş
etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən
oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların
məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən
üzərində parlaq zəfər qazandı.
  Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü
göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət paytaxtı
Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra,
noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti
tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması

barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi,
Ermənistan isə kapitulyasiyaya məcbur edildi.
  Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına
son qoydu.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan
azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını
fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq
Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan
Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu
addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
  Qələbənin 2-ci ilində, həqiqətən də Azərbaycan xalqı, uşaqdan böyüyə hamı sevinc
içindədir. Bu sevinci bizlərə bəxş edən, Vətən uğrunda döyüşərək canlarından keçən
Şəhidlərimizə, Qazilərimizə borcluyuq. Bundan sonra hər birimiz Şəhidlərimizin ruhunu
şad etmək üçün Vətən naminə öz mövqeyimizi səngər edib, doğma Azərbaycanımız
naminə çalışmalıyıq.
         Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da
müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər
Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir
yumruq" da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali
Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı
dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən
uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün
silinməz, unudulmaz dastan yazdılar.
 
Gülnarə Əhədova
Saatlı rayonu Sarıcalar kənd ümumi orta məktəbinin direktoru


Digər xəbərlər

0.25993609428406