Birlik, strateji tərəfdaşlıq və qardaşlıq amalımızdır

10:51 24-10-2022 | icon 758
Birlik, strateji tərəfdaşlıq və qardaşlıq amalımızdır

        Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də ölkəmizə rəsmi səfəri çərçivəsində dövlətimizin başçısı İlham Əliyevlə birgə Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində iştirakından sonra hər iki ölkə lideri Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxış edib.

       Prezidentin imzaladığı rəsmi sənədə əsasən, bu gün Azərbaycan xəritəsində Dağlıq Qarabağ adlı coğrafi ərazi yoxdur. Əvəzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var. Ona görə də dövlət başçımız Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava Limanının ölkəmiz və türk dünyası üçün çox böyük əhəmiyyət kəsb etdiyini söylədi. Prezident xatırlatdı ki, oktyabrın 20-si Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümüdür. Düz iki il bundan əvvəl erməni işğalına son qoyuldu. Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. “Məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana gəlməsi, Prezident İlham Əliyevə olan isti münasibəti, orada mesajlar göstərdi ki, aparılan siyasət tamamilə bəyənilməlidir.  Mətbuata verdiyi bəyanatda Türkiyənin Cümhurbaşqanı dağıdılmış, yerlə-yeksan olumuş bu bölgənin hazırda ­İlham Əliyevin liderliyi ilə bənzərinə az rast gəlinən böyük bir inkişaf həmləsi ilə yenidən dirçəldiyini, körpüləri, dəmir və avtomobil yollarını, magistralları ilə yenidən bir Azərbaycan qurulduğunu iftixarla, dost, qardaş fərəhi, təəssübkeşliyi ilə vurğuladı. Türkiyə lideri sözlərinə əlavə kimi bütün bu görülən işlərin təsiri ilə yaşadığını, başda qardaşı İlham Əliyev olmaqla, bütün komandası ilə əl-ələ verərək atdıqları addımlar, həyata keçirdikləri tədbirlər sayəsində bu qədər qısa müddətdə Azərbaycanı, necə deyərlər, burada sıfırdan başlayaraq yenidən ayağa qaldırdıqlarını söylədi.

       Prezident İlham Əliyev Cəbrayıldakı bəyanatında bu barədə danışakən dedi ki, geridə qalan günlər bizim müştərək tariximizdir: “Çünki İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb ­Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə–Azərbaycan birliyi bir daha zəfər çaldı”. 

        Türkiyə–Azərbaycan qardaşlıq əlaqələri hər zaman həm xalqlarımız, həm də bölgə üçün mühüm önəm daşıyır. Belə bir əməkdaşlıq təkcə ikitərəfli formatla kifayətlənmir. Bu, eyni zamanda, bölgənin təhlükəsizliyini şərtləndirir.

Zaur İsazadə,

Cəlilabad RİH-in əməkdaşı


Digər xəbərlər

0.28014397621155