AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

14:55 04-11-2022 | icon 994
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev şəhid ailələri ilə görüşüb

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları
himayəyə götürülmuş şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşüb.
Tədbir Vətən uğurunda canından keçən oğul və qızlarımızın əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
S.Möhbalıyev çıxışında Azərbaycan xalqının parlaq qələbəsi ilə başa çatan
Vətən müharibəsindən, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab
İlham Əliyevin mahir sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından,
düşmənin işğalçı ordusunu məhv edən əsgər və zabitlərimizin
qəhrəmanlıqlarından, onların şanlı döyüş yolundan söz açıb.
Bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ötən illər ərzində
atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan
torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi: “Məhz onun müzəffər Ali
Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə
qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı”.
S.Möhbalıyev qeyd edib ki, müharibə dövründə xalqımız öz dəmir yumruğunu,
birliyini və gücünü nümayiş etdirdi: “On minlərlə gəncin Orduya könüllü
yazılması Azərbaycanda xalq-ordu birliyinin və Orduya olan inamın təzahürü
idi”.


AHİK sədri şəhid ailələrinə xitabən deyib ki, məhz Sizin böyüdüb
vətənpərvərlik ruhunda tərbiyə etdiyiniz övladlar düşmən qarşısında mətin
dayandılar, yüksək döyüş ruhu ilə işğalçı ordunu məhv etdilər: “Döyüş
əməliyyatları zamanı bir dəfə də olsun geri addım atmadılar, yalnız irəli
getdilər. Onların döyüş taktikası və qəhrəmanlığı bu gün dünyanın aparıcı hərb
məktəblərində böyük maraqla öyrənilir. İllər keçsə də, Azərbaycan xalqı
şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirəsini daim ehtiramla yad edəcək”.

Konfederasiya sədri vurğulayıb ki, dövlətimiz hər zaman şəhid ailələrinin
yanıda olub, onlara ölkəmizdə yüksək diqqət və qayğı göstərilir: “Bu sahədə
dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı ilə seçilir. Heydər
Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin misili yoxdur. Hər zaman
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond şəhid ailələrinə hərtərəfli dəstək
olur”.

S.Möhbalıyev əlavə edib ki, şəhid ailələri, qazilər, həmçinin müharibə
veteranları həmkarlar ittifaqlarının da diqqətindədir: “Bütün bayramlarda və
əlamətdar günlərdə onlara baş çəkilir, görüşlər təşkil olunur, qayğıları ilə
maraqlanılır, hər cür maddi-mənəvi dəstək göstərilir. Həmkarlar ittifaqları şəhid
və qazi ailələrinə 4 milyon manatdan artıq birdəfəlik yardımlar göstərib.
Həmçinin 201 şəhidin 346 övladı himayəyə götürülüb, hər ay onların hesabına
müəyyən məbləğdə pul köçürülür və bu, onların 18 yaşına çatana qədər davam
etdiriləcək”.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri ölkəmizdə onlara olan ali
münasibətdən, göstərilən qayğıdan danışıblar. Və buna görə dövlətimizin
başçısı cənab İlham Əliyev başda olmaqla əməyi olan hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, AHİK tərəfindən tədbirdə iştirak edən şəhid ailələrinə müəyyən
edilmiş məbləğdə maddi dəstək göstərilib.


Digər xəbərlər

0.22452688217163