Şairin söz dünyası - OXUCU SÖZÜ

19:44 10-11-2022 | icon 1418
Şairin söz dünyası - OXUCU SÖZÜ

ŞAİRİN SÖZ DÜNYASI

Qısa arayış
Əflatun Baxşəliyev 26 may 1953-cü ildə Hacıqabul rayonunun Atbulaq
kəndində anadan olmuşdur.

1973-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. Elə həmin il Bakı
Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, ali təhsil ocağını
1978-ci ildə bitirib.1988-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
namizədlik dissertasiyası mudafiə edərək filalogiya elmlər namizədi alimlik
dərəcəsinə yiyələnmişdir.

Qeyd edək ki, 2003-cü ildən həmin institutda elmi işçi, 2010-cu ildən
böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır.

Şairin ilk şeirlər kitabı “Könlüm gözəllik əsiri” 1987-ci ildə işıq üzü
görmüşdür. 1991-ci ildə “Azərbaycan” nəşiriyyatı onun “Sevgi
qanadlarında” şeirlər kitabını nəşr etmişdir. Daha sonra “Qeyrətli oğullar”
(1994), “Ürəyimin səsi” (1996), “Vətən oğlu, el qeyrəti” (1998), “Hər insan
bir dünyadır” (1999), “Tələs yanıma” (2000), “Allahla ol, sən” (2005),
“Taleyimin dan yeri” (2013), “Günəş olmaq istəyirəm” (2016), “Qəzəllər”
(2016) şeirlər kitabı dərc olunmuşdur.

2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2011-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.

Qizil qələm mükafatı lauratıdır.

Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda XX əsr (Sovet
dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində aparıcı elmi işçi vəzifəsində
çalışır.

Dünyaya göz açarkən tale üzünə gülməyib. Yeddi yaşından,
qaranlıqdan işıqlığa boylanan, alın yazısına şair taleyi yazılmış Əflatun
Baxşəliyev özü demişkən:

İnsan şikəst olsa nə zərər,

Təki mənəviyyatında şikəst olmasın.

Lakin bu taleyi özünə dərd bilməyib. Həyatın axarlı-baxarlı, enişli-
yoxuşlu, qarlı-boranlı yollarında bir an belə töyşüməyib. Zamanın hər
sınağına tab gətirib. Yaşamağı, yaratmağı, yaşatmağı, sevməyi-sevilməyi
bacarıb.

Hələ gənclik illərindən ədəbiyyata meyl göstərib, neçə seirləri qəzet
səhifələrində işıq üzü görüb.

Əflatun Baxşəliyev 70-ci illərdə ədəbiyyata qədəm qoyub. “Könlüm gözəllik əsiridi” yazısıyla oxuculara tanınıb.

Əflatun Baxşəliyev elinə, obasına həmişə bağlı olub.


Bu bağlılıq bir addım belə onu elindən uzaq
salmayıb.

Neçə minilliklər yol gələn bir söz yadigarı
var:

“Eldən ayrı düşən axsaq qalar”.

Lakin el yolunda
nə axsayıb, nə büdrəyib. Elnən yaşayıb, elnən nəfəs alıb.

Elin acısına kədərlənib, xoş gününə sevinib. El də onu həmişə uca
tutub, urvatlayıb. Qəlbi elnən döyünüb. Bu döyüntünü onun misralarında
açıq-aydın görmək olar:


Bu doğma elimin, doğma obamın,
Yaxşısı yaxşıdı, pisinə qurban
Aranlı, yaylaqlı nənə-babamın,
Gərmə ocağının hisinə qurban


Zamandır hər kəslə kama yetdiyi,
Taledir insanı xoşbəxt etdiyi,
Babaların bizə qoyub getdiyi,
Əbədi silinməz izinə qurban.

Şairin öz dünyası var:

Söz dünyası
Bu söz düzümü durna qatarı kimi sıralanıb, naxışlanıb, ilmələnib buta
bağlayıb. Şair ikiyə bölünmüş o taylı, bu taylı məmləkətimizin həsrətini,
ağrısını, acısını yaşayır, biz görənlərdən də açıq-aydın görür, poetik
misralara düzür. Həmin duyğuları süzgəcdən keçirə-keçirə oxuculara
çatdırmağı özünə borc bilir.


Özüm bu torpağın sinəsi üstə,
Ürəyim o tayın ağuşundadır.
Könlüm səksəkədə, qulağım səsdə,
Ürəyim ayrılıq yağışındadır.


Qəmli bir nəğməyəm könül tarında,
Yanıram oduna dostun yarın da,
Bir diyar ağ günün xoş baharında,
Bir diyar həsrətin sərt qışındadır.


Xəyalım dolanır dərində, üzdə,
Qəlbim bu üzdədir, fikrim o üzdə...
Ayağım Murovun, Kəpəzin üstdə,
Gözüm Savalanın hər daşındadır.


Heydərbaba ululardan uludur,
Ürəyim həsrətin karvan yoludur,
Demə gözüm nədən nəmli suludur,
Arazın suları göz yaşımdadır.


Bağ salıb, gül əkdim, küləklər dərdi,
Zaman unutdursa hər ağır dərdi,

Bu dərd unudulmaz həmişı tərdi,
Bir xalqın ömür-gün naxışındadır.

Əflatun Baxşəliyevin yaradıcılığı olduqca hərtərəfli və rəngarəngdir.
Onun qoşqularını oxuduqca addım-addım ona yaxınlaşırsan, azacıq da
olsa bir təskinlik tapırsan. Yaradıcılığı bir də ona görə cəlb edicidir ki, o
özündə cəsarət tapıb, hər sözü açıq-aydın deyə bilir, oxucusunun qəlbinə
yol açmağı bacarır.

İnsan sarvan, həyat səhra, ömür köç,
Hər yolda bir keşməkeş var, demir keç,
Zirvəyə ucalan çoxdur, amma heç
Gözümüzdə ucalmayır nədənsə.


Dünyaya görk olub dünyanın işi,
Özünə əcəldi arının dişi.
Doğrusu hər papaq qoyandan kişi,
Hər papaqdan tac olmayır, nədənsə.


Mənə elə gəlir ki, hələ neçə-neçə söz karvanı şair qəlbində bardaş
qurub. Neçə-neçə oxucu söz intizarındadır. Düşünürəm ki, söz adamı
oxucuların gözünü yolda qoymayacaq.


Ürəyə qüssəni dərdi salıbdı,
Əli çatmayıbdı ələ dövranın.
Namərd ayağına mərdi salıbdı,
Kaş üzü dönəydi belə dövranın.
Kaş...


Qarşıdan altı onu addamış, yetmişi səksəndirmiş bir şair ömrünün
çiçəklənən baharıdır. Bu baharın gəlişində Əflatun Baxşəliyevi ad günü
münasibətilə təbrik edir, ona can sağlığı, yaradıcılığında yeni-yeni uğurlar
diləyirik.

   

  Zahid Hüseynli

  Bakı Dövlət Universitetinin           

 əməkdaşı, Azəbaycan  

 Jurnalistlər Birliyinin üzvü     


Digər xəbərlər

0.28507995605469