Final görüşünə həsr olunan mətbuat konfransı keçirildi - Fotolar

15:33 11-11-2022 | icon 1271
Final görüşünə həsr olunan mətbuat konfransı keçirildi - Fotolar

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən Bakı kənd və qəsəbələri arasında futbol turnirinin final görüşünə həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov turnirin keçirilməsində əsas məqsədin uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdan ibarət olduğunu bildirib. Nazirlik rəsmisi yarışlara 2010-2011-ci il təvəllüdlü, ümumilikdə 350-dən çox uşaq cəlb olunduğunu söyləyib. Fikrət Hüseynov yarışa böyük marağın yarandığını qeyd edib.

 

AFFA-nın uşaq-gənclər iş şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva təmsil etdiyi qurumun daim uşaq turnirlərinə dəstək olduğunu vurğulayıb. Onun sözlərinə görə Bakı kənd və qəsəbələri arasında turnir paytaxtda uşaq futbolunun inkişafında özünəməxsus rol oynayacaq.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva Bakı kəndlərini təmsil edən 32 komandanın iştirak etdiyi turnirin həm də sağlam həyatı təbliğ etdiyini deyib. Təmsil etdiyi qurumun futbolla yanaşı cüdo üzrə yarışları da təşkil etdiyini qeyd edən Lalə Əliyeva yarışın yeniyetmə futbolçular arasında böyük rəqabət yaratdığını sözlərinə əlavə edib.

Gənclər və İdman nazirliyinin nümayəndəsi Ramil Cabbarov turnirin oyunlarının youtube kanalı vasitəsi ilə canlı yayımlandığını və bütün matçların şərh olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən “Səbail” Akademiyasının rəhbəri Mirbağır İsayev, “Neftçi” Akademiyasının direktoru Cemal Bülbül, “Sumqayıt” Uşaq Akademiyasının meneceri Fərhad Həsənov, “Qarabağ” Uşaq Akademiyasının koordinatoru Tacəddin Doğan, “Zirə” klubunun nümayəndəsi Komen Vasilev, “Sabah” akademiyasının koordinatoru Adino Mustedanaqiç uşaqlar arasında turnirin təşkilatçılığını yüksək qiymətləndirib. “Səbail” Akademiyasının rəhbəri Mirbağır İsayev əksər oyunları izlədiklərini və bəzi uşaqlarla maraqlandıqlarını açıqlayıb. “Sumqayıt” Uşaq Akademiyasının meneceri Fərhad Həsənov isə növbəti turnirlərdə Sumqayıt təmsilçilərinin iştirak etmək istəyini söyləyib.

Bakı kənd və qəsəbələri arasında futbol turnirinin ənənəvi olacağı gözlənilir.

Xatırladaq ki, sabah yarışda yarımfinal oyunları keçiriıəcək. Turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq. Final günü həm də tamaşaçılar üçün Azərbaycan estrada ulduzlarının çıxışı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

 

 






Digər xəbərlər

0.36188292503357