Biz Şuşada əbədi yaşayacağıq

10:42 12-11-2022 | icon 801
Biz Şuşada əbədi yaşayacağıq

        Hər bir azərbaycanlı üçün Şuşa mədəniyyətimizin və tariximizin rəmzidir. Lakin 1992-ci ilin mayında, Qarabağ müharibəsinin qızğın vaxtında erməni işğalçı qüvvələri Şuşanı işğal etdi və şəhəri vəhşicəsinə dağıtdılar, hətta çox qiymətli tarixi və memarlıq abidələrini belə məhv etdilər. Yalnız 30 ilə yaxın müddətdən sonra şəhər işğaldan azad edildi və  indi həyata qayıdır.

Azərbaycan dövləti tərəfindən Qarabağın dirçəlişi prosesi çox sürətlə həyata keçirilir. Bu faktı Qarabağın incisi, mədəniyyət paytaxtımız Şuşa şəhərinin bərpasının timsalında aydın şəkildə görmək mümkündür. Bugünlərdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 8-də Şuşaya növbəti səfəri zamanı gördüklərimiz, Prezidentin çıxışı Şuşa şəhərinin qısa müddətdə tam bərpa olunacağını deməyə əsas verir.

Dövlət başçımız öz çıxışında vurğulayıb ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdı. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər.

       

        Dövlətimizin başçısı sözünə davam edərək onu da vurğulayıb ki,   “Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, Biz azad Şuşada yığışmışıq.  Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir.  Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik. Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq. Həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır.

         Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Şuşa zəfəri müharibənin taleyini həll etdi. Ona görə də Şuşa şəhərinin Azərbaycan xalqının könlündə çox önəmli yeri vardır. Biz Şuşada əbədi yaşayacağıq.

Gülnar Əmrahova,

Komanlı bələdiyyəsinin sədri


Digər xəbərlər

0.2433180809021