Allahşükür Paşazadə: "Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir"

10:59 23-11-2022 | icon 147
Allahşükür Paşazadə:

"Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur:

"Təəssüflə qeyd olunmalıdır ki, beynəlxalq sabitliyə və təhlükəsizliyə əngəl törədən ideoloji və praktiki çağırışlar, o cümlədən, ksenofobiya, dini və etnik dözümsüzlük faktları qlobal miqyasda artmaqdadır. Hazırda insanlar arasında təcavüzü, zorakılığı və ayrı-seçkiliyi qızışdıran, müasir texnologiyalar vasitəsilə müxtəlif ölkələrdə sabitliyi pozan siyasi və sosial təhdidə çevrilən nifrət çağırışları müharibələrə, soyqırım cinayətlərinə səbəb ola bilir. Kütləvi qırğın silahlarının artması, hərb ritorikasının güclənməsi nüvə təhlükəsini artırır. Sivilizasiyaların toqquşdurulması cəhdləri dünyanı böyük fəlakətə sürükləyə bilər".

QMİ sədri bildirib ki, dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir:

"Təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürləri, dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları qətiyyətlə qınanmalıdır. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gəlir. Müasir dünyada bəşəriyyəti təhdid edən çağırışların başında ekoloji və hərbi cinayətlər, ərzaq və su təhlükəsizliyi, o cümlədən, ekosistemin məhv edilməsi və torpaqların yararsız vəziyyətə salınmasının fəsadı olaraq yaşanan humanitar problemlər dayanır".


Digər xəbərlər

0.37339186668396