Vüqar Məmmədov: "Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir"

15:43 07-12-2022 | icon 154
Vüqar Məmmədov:

"Müstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən Vətən müharibəsindəki tarixi Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır".

Bu sözləri Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi ilə bağlı  saytımıza açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasətin reallaşdırılmasında Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da müstəsna xidmətləri olub:


"Daim yeniləşən, sıralarında ölkənin tanınmış simalarını, fəal gəncləri birləşdirən, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini uğurla davam etdirir. 1992-ci ildə təsis edilən YAP tarixə müstəqil Azərbaycan dövlətinin qurulmasında, ölkəmizin sabitliyi və inkişafı istiqamətində böyük uğurlara imza atan, xalqın etimadını qazanan qələbələr partiyası kimi düşüb. Azərbaycançılıq ideyasının möhkəm təməli üzərində yaranan, ümummilli lider Heydər Əliyev ideyalarının daşıyıcısı kimi ön sırada gedən partiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən işlərdə də yaxından iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bəyan etdiyi kimi partiyanın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi hər zaman xalqın yanındadır. Biz bunu hər zaman görmüş, əyani şəkildə müşahidə etmişik. COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda YAP-ın xeyirxah üzvləri pandemiya ilə bağlı sərt karantin şəraitində evlərindən çölə çıxa bilməyən ahıl, xəstə, kimsəsiz insanların pənahı oldular. Digər tərəfdən iki il öncə, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində də YAP üzvləri istər ön, istərsə də arxa cəbhədə öz sözlərini dedilər. Ali Baş Komandan İlham Əliyevin səfərbərlik çağırışının ardınca toplantı məntəqələrinə gələn, 44 günlük Vətən müharibəsində səngərlərdə qəhrəmanlıq göstərən YAP üzvləri bir fərd olaraq təkcə siyasi deyil, hərbi baxımdan da dövlətin, xalqın keşiyində dayandıqlarını sübut etdilər.
Sonda qətiyyətlə qeyd etmək olar ki, ötən 30 ildə Azərbaycanın əldə etdiyi hər uğurda Ulu Öndərin yaradıcısı olduğu YAP-ın payı və zəhməti var. Prezidentin bəyan etdiyi kimi, bu gün Yeni Azərbaycan Partiyasının yubileyini keçirərkən hər birimiz yenə də Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki illər keçdikcə və dünya dəyişdikcə hər birimiz çox gözəl bilirik ki, əgər o vaxt Azərbaycan xalqı Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlə üzləşə bilərdi". 


Digər xəbərlər

1.6074199676514