Azərbaycan dövlətçiliyi tarixində aparıcı siyasi qüvvə

15:28 23-11-2022 | icon 132
Azərbaycan dövlətçiliyi tarixində aparıcı siyasi qüvvə

Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxışında deyildiyi kimi,  Yeni Azərbaycan Partiyasının yaranması zərurət idi.

1992-ci il noyabrında Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Qeyd edək ki, o vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməmişdi. Lakin müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak etdi.

Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi.

Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına təməl oldu. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi 7 ay sonra siyasi hakimiyyətə gəldi. Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən, əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız 30 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. 

       Qürur duyduğumuz ən mühüm gerçəklik sürətlə inkişaf edən bugünkü Azərbaycandır. Güclü dövlətimizin avanqard qüvvəsi olan YAP isə ölkənin ən böyük və qüdrətli siyasi partiyasıdır. Partiyamızın gücü məhz onun ümummilli lider Heydər Əliyevin ideyaları əsasında meydana gəlməsindədir.

Mirsüleyman Mirxaslı,

YAP Cəlilabad Rayon Təşkilatının sədri    


Digər xəbərlər

0.2060649394989