Kəlbəcər rayonunun yeni inkişaf dövrü

10:17 26-11-2022 | icon 1033
Kəlbəcər rayonunun yeni inkişaf dövrü

Kəlbəcər rayonu 2020-ci il 25 noyabr tarixində işğaldan azad olundu.  İki
ildir ki, Kəlbəcər azaddır.
29 il əvvəli - Kəlbəcərin işğalını xatırlayaq. 1993-cü il 2 aprel tarixində
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal
edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin
düşüb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər
rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
  BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə
görə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş
rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin
Qətnaməni icra etmədi, ikili standartlarla fəaliyyət göstərən beynəlxalq
təşkilatlar isə qanunun icrasını tələb etmədi.
Prezident İlham Əliyev Kəlbəcər uğrunda döyüşləri çox dəqiqliklə analiz
etmişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman
Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan
azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək
erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə
məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan
istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək
Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq".
Prezidentin diplomatik qələbəsi sayəsində 10 noyabr 2020-ci il tarixli
Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana
təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində
imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu
Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147
yaşayış məntəqəsi işğaldan azad edilib.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis
edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə
Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş
əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu
“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir.  İkinci Qarabağ
müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə inkişaf edir. 26 iyun
2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin
açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə
start verilib. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə

Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil
olunmuşdur.
Ali Baş Komandan İlham Əliyev öz qətiyyəti və yenilməz sərkərdə əzmi ilə
müzəffər ordumuzun gücünə və xalq-iqtidar birliyinə söykənərək, düşməni
ildırım sürətilə necə məğlub etdisə, o cür yenilmız ruhla da işğaldan azad
edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların
tətbiqinə başlayıb. Kəlbəcərdə həyata keçirilən bərpa işlərinin necə uzaq
perspektivlərə səmtləndiyini, islahatların ən müasir dünya təcrübəsi və yeni
texnologiyalar üzərində qurulduğunu aydın görmək üçün onlara nəzər salmaq
kifayətdir. Prezident İlham Əliyevin işğaldan azad olunan bölgələrə səfəri bir
daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş
ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və
keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün
əzmkarlıqla çalışır. Kəlbəcərdə olan sürətli bərpa-quruculuq işləri ilə bu
torpaqlar yenidən dirçəlir. 30 illik işğal dövrü bitdikdən sonra Kəlbəcərin
sürətlə dirçəlməsi heyranedicidir. Kəlbəcərin bərpasə təkcə Qarabağın deyil,
bütövlükdə Azərbaycan iqtisadiyyatının mühüm tikintisi olacaq.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir.
İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış
binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq
fəaliyyət göstərir. Kəlbəcərdə mütləq aşıq mərkəzi və digər tikililər inşa
ediləcək. Bir sözlə, hazırda Kəlbəcər rayonu yeni inkişaf dövrü yaşayır.
Kəlbəcər, yeni və müasir simasına qovuşmaqla, öz sakinlərini qarşılayacaq.

Niyaz Həsənov
Saatlı rayonu Smadakənd kənd tam orta məktəbin direktoru


Digər xəbərlər

0.23314094543457