Azərbaycanla Türkiyə və Pakistan arasında qarşılıqlı münasibətlər, səmərəli əməkdaşlıq hörmət və etimada əsaslanır

11:58 29-11-2022 | icon 1373
Azərbaycanla Türkiyə və Pakistan arasında qarşılıqlı münasibətlər, səmərəli əməkdaşlıq hörmət və etimada əsaslanır

Azərbaycanla Türkiyə və Pakistan arasında qarşılıqlı münasibətlər, səmərəli
əməkdaşlıq hörmət və etimada əsaslanır. Hər zaman olduğu kimi, bu gün də hər üç
qardaş və dost dövlət tərəfindən üçtərəfli formatda qurulan münasibətlər dinamik inkişaf
edir, xalqlar arasında bağlılıq getdikcə möhkəmlənir. Qırx dörd günlük Vətən
müharibəsinin gedişində Pakistan və Türkiyə tərəfindən Azərbaycana göstərilən
mənəvi-siyasi dəstək də bunun bariz ifadəsidir. 44 günlük müharibə Azərbaycana ona
dost olan ölkələri bir daha tanımaq imkanı yaratdı. Rəsmi Bakı Vətən müharibəsində
qardaş ölkələr Türkiyə və Pakistanın böyük siyasi və mənəvi dəstəyini hiss etdi, ərazi
bütövlüyü uğrunda apardığı haqlı mübarizədə onlar tərəfindən açıq siyasi və mənəvi
dəstək gördü. 
Müharibənin başladığı ilk günlərdən qardaş ölkə Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğan verdiyi açıqlamalarda bütün dünyaya bəyan etdi ki, Azərbaycan bu
haqq savaşında yalnız deyil, onun Türkiyə kimi böyük qardaşı, arxa-dayağı və etibarlı
tərəfdaşı var. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, Türkiyə bu
mövqeyindən bir addım belə geri çəkilmədi, daim Azərbaycanın yanında olduğunu
nümayiş etdirdi.
Ölkəmizin Türkiyə ilə qardaşlıq dostluq əlaqələri ilə yanaşı, tarixən formalaşan
Azərbaycan– Pakistan əməkdaşlığı da daim diqqət çəkib. Təsadüfi deyildir ki, Pakistan
ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda
səfirliyini açan ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, bu dost və qardaş
dövlət ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib,
Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib. 44 günlük müharibənin ilk
günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi ki, “erməni silahlı
qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti
təxribatdır. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü
dəstəkləyir.” Vurğulayaq ki, Pakistan Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı
dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biridir.
Postmüharibə dövründə də Azərbaycanın Türkiyə və Pakistanla əlaqələri bütün
sahələr üzrə yüksələn xətt üzrə inkişaf etməyə başladı və bu gün də bu, sürətlə davam
edir. Bu baxımdan Milli Qurtuluş Günündə - 2021-ci il iyunun 15-də Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada tarixi
Şuşa Bəyannaməsini imzalaması iki qardaş ölkənin tarixən mövcud olan əlaqələrini
müttəfiqlik səviyyəsinə yüksəltmək baxımından xüsusi əhəmiyyət kəsb etdi. Həmçinin,
2022-ci il sentyabrın 16-da Səmərqənddə Prezident İlham Əliyev Pakistan İslam
Respublikasının Baş naziri Şahbaz Şərifi ilə görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar,
o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx
əməkdaşlıq etdiyini diqqətə çatdırmış, Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli
formatda da çox sıx əməkdaşlıq etdiyini vurğulamışdı.
Bu gün Azərbaycan Vətən müharibəsini zəfərlə yekunlaşdırdıqdan sonra
işğaldan azad etdiyi ərazilərdə quruculuq, bərpa işləri aparır, Böyük qayıdışa hazırlıq
görür. Hələ müharibənin gedişində Prezident İlham Əliyev söyləmişdi ki, biz Qarabağın
yenidən qurulmasında yalnız dost şirkətləri görməkdə məmnun olacağıq, Azərbaycanın
haqq səsinə, ədalətli mövqeyinə dəstək verən şirkətləri görməkdə maraqlıyıq. Bu gün
Türkiyə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında daha çox fəallıq
göstərən dövlətlərdən biridir. Pakistan da istər işğal dövründə, istər müharibə zamanı,
istərsə də torpaqlarımızın azad edilməsindən sonra hər zaman ölkəmizin yanında olub. 
2022-ci il noyabrın 25-də keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və

iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev bəyan etdi ki,
bizim Pakistanla mükəmməl əlaqələrimiz var: “Mən son bir neçə ay ərzində Pakistanın
Baş naziri cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin
gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz
Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə
görə Pakistana çox minnətdarıq”. 
Sözügedən konfransda “Mən Azərbaycan-Türkiyə münasibətləri haqqında
danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq”, - deyə vurğulayan
İlham Əliyev söylədi ki, “Biz qardaş və dostuq. Biz müttəfiqik”. İlham Əliyev əminliyini
bildirdi ki, Türkiyə ilə əməkdaşlıq bütün sahələrdə yalnız güclənəcək və bu, regional
sabitliyin mühüm meyarıdır: “Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki
ölkə olaraq biz öz potensialımızı birləşdiririk və bir yerdə biz daha güclüyük, nəinki
ayrılıqda. Bu, aydındır. Türkiyənin potensialı da artır. Azərbaycanın potensialı da artır.
Nəinki iqtisadi və sənaye, o cümlədən hərbi gücü artır. Bu gün dünya görür ki, bu, hər
ölkə üçün bir nömrəli meyardır”. 
Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərində hərbi əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi də xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan, Türkiyə və
Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş “Üç
qardaş - 2021” beynəlxalq təlimi dostluq, qardaşlıq və hərbi-siyasi tərəfdaşlıq
münasibətlərinin parlaq ifadəsidir. Bu beynəlxalq təlim, eyni zamanda, dost ölkələrin
orduları arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsi, terrorla
mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin
aparılması baxımından son dərəcə mühüm önəm daşıyır.
Göründüyü kimi, bu gün üç qardaş ölkə - Azərbaycan, Türkiyə, Pakistan bütün
cəbhələrdə eyni səngərdə dayanıblar və qarşılaşdıqları problemləri birliklərinin gücü
sayəsində müvəffəqiyyətlə dəf ediblər və bundan sonra da edəcəklər. İnanırıq ki, dərin
kökləri olan və xoşbəxt  gələcəyə hesablanmış Azərbaycan-Türkiyə-Pakistan
münasibətləri, dostluğumuz  və qardaşlığımız bu gündən sonra da yüksələn xətt üzrə
inkişaf  edəcək.

Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi, YAP fəalı


Digər xəbərlər

0.30158710479736