Zəfər paradı – şanlı Qələbəmizin nidası 

00:38 07-12-2022 | icon 777
Zəfər paradı – şanlı Qələbəmizin nidası 

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi.

       2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı bö­yük Qələbəmizin nidası oldu. Haqq savaşımızın qalibiyyətinə həsr olunan parad bu meydanda olmuş əvvəlki paradlardan fərqli idi. Çünki bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.

      Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Cənab  İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə  yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi.
        Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Zəfər paradında Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Hələ o zaman Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.


        Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

          Zəfər paradımız  beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisi oldu. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq.

Dünyamalı Məmmədov,

Cəlilabad şəhər sakini, YAP fəalı


Digər xəbərlər

0.26485800743103