AHİK sədri Səttar Möhbalıyev Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

00:30 14-12-2022 | icon 873
AHİK sədri Səttar Möhbalıyev Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının XV Qurultayı keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli
Məclisin deputatı Səttar Möhbalıyev Tbilisi şəhərində Qurultayda iştirak edir.
S.Möhbalıyev səfər çərçivəsində Tbilisidə müasir müstəqi Azərbaycan
dövlətinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan
parkda Ulu Öndərin abidəsini ziyarət edib. O, abidə önünə gül dəstələri düzüb,
əziz xatirəsini dərin ehtiramla yad edib.
AHİK sədri həmçinin Qurultayın ilk günü xaricdən dəvət olunan qonaqların
iştirakı ilə təşkil olunmuş “Demokratiya və layiqli əməyin inkişafı naminə sülh
və dayanıqlı inkişafı təşviq edən həmkarlar ittifaqları” adlı konfransda iştirak
edib.
Daha sonra S.Möhbalıyev Qurultayda çıxış edib. O, Azərbaycan və Gürcüstan
həmkarlar ittifaqları arasında mövcud olan münasibətlərdən, təşkil olunan
qarşılıqlı səfərlərin əhəmiyyətindən, aparılan təcrübə mübadilələrindən, onun
effektli nəticələrindən, iki qurum arasında imzalanmış Əməkdaşlıq
Memorandumu çərçivəsində görülən işlərdən bəhs edib.
Konfransın mövzusunu aktual hesab edən AHİK sədri qeyd edib ki, bu bütün
dünya üçün xüsusi əhəmiyyət kəsb edir: “Demokratiya daim inkişaf edən bir
prosesdir və hər bir yeni nəsil öz dəyər və prinsiplərini, o cümlədən qanunun
aliliyi və insan haqlarını daha da inkişaf etdirmək və zənginləşdirmək üçün səy
göstərməlidir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK)
Təsis Bəyannaməsində elan edilmiş prinsiplər bizi demokratik hüquq və
azadlıqları hər yerdə təşviq etməyi tövsiyə edir. Firavan həyat demokratiyadan,
layiqli əməkdən və kütləvi qırğın silahlarından xilas olmaqdan asılıdır. Sülh və
demokratik hüquqlar Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün son
dərəcə vacib amildir. Əminliklə deyə bilərik ki, bütün dünyada həmkarlar ittifaqları sülh, demokratik hüquq və azadlıqlar uğrunda mübarizədə öndə gedən təşkilatlardandır”.
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əsas yük dövlətin
üzərinə düşür. Həmkarlar ittifaqları ictimai təşkilat olaraq dövlətin qarşıya
qoyduğu məqsədlərə çatmasına kömək etməlidir və təbii ki, bu prosesə fəal
dəstək verirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv
təşkilatlarla məsləhətləşmələr aparır, DİM-in ölkənin inkişafındakı roluna dair
regionlarda çoxsaylı seminarlar keçirir”, - S.Möhbalıyev deyib.
AHİK sədri həmçinin dünyada yaşayış səviyyəsinə və əməkhaqqına təsir
göstərən əməyin keyfiyyətinin və məhsuldarlığının yüksəldilməsini, iş şəraitinin
yaxşılaşdırılmasını, əmək şəraitində qadın və kişilərə bərabər imkanların
yaradılmasını vacib hesab edib. Vurğulayıb ki, bütün əmək qabiliyyətli insanları
normal gəlirli, iş yerində təhlükəsizliyi təmin edən, ailələrin sosial müdafiəsini
gücləndirən, onların şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə
inteqrasiyasına imkan verən layiqli işlə təmin etmək günümüzün ən aktual
məsələlərindəndir”.


Digər xəbərlər

0.26492714881897