AHİK-in İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib

15:46 19-12-2022 | icon 871
AHİK-in İcraiyyə Komitəsi bir sıra vacib qərarlar qəbul edib

Dekabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
İcraiyyə Komitəsinin iclası keçirilib.
Öncə Vətənimizin müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi
ilə İcraiyyə Komitəsinin üzvlərini tanış edib.
Gündəlikdə AHİK-in V Məclisin çağırılması, Nizamnaməsinə əlavə və
dəyişikliklərin edilməsi, Məclisin tərkibində qismən dəyişikliklər aparılması,
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar AHİK-in Tədbirlər
planı, AHİK-in yaranmasının 30 illiyi ilə əlaqədar Tədbirlər Planı, “Azərbaycan
həmkarlar ittifaqlarının 30 illik yubiley” döş nişanının təsis olunması, 2022-ci il
üzrə “İlin peşəkar gənci” fəxri adının verilməsi, Azərbaycanda əhali arasında
2020-2021-ci illərdə xəstələnmə hallarının analitik təhlili, Şəhid ailələri,
müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik təyin edilən
şəxslərə qanunvericilikdə verilən hüquq və imtiyazlar, bu sahədə həmkarlar
ittifaqlarının gördükləri işlər barədə məsələlər öz əksini tapıb.
“İlin peşəkar gənci” fəxri adının verilməsi barədə müzakirə zamanı bildirilib ki,
həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil
olunmalarına, işləyən, təhsil alan gənclərin hüquq və mənafelərinin yüksək
səviyyədə qorunmasına çalışır, əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyət
əldə edənlərin həvəsləndirilməsi üçün layihələr həyata keçirir. Artıq AHİK-in
üzv təşkilatlarının təqdimatı əsasında 131-i qadın olmaqla 370 nəfər “İlin
peşəkar gənci” fəxri adına layiq görülüb. 2022-ci il ərzində də xüsusi
nailiyyətlər əldə etmiş gənclər müəyyənləşib və onların mükafatlandırıması
nəzərdə tutulub.

İclasda 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar
AHİK-in Tədbirlər planı təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, “Heydər
Əliyev İli” çərçivəsində AHİK tərəfindən ağacəkmə aksiyasının, idman
yarışlarının, sərgilərin təşkili, konfransların keçirilməsi, aztəminatlı ailələrə
yardımların göstərilməsi və s. tədbirlər nəzərdə tutulub. S.Möhbalıyev üzv
təşkilatların rəhbərlərinə bu prosesdə fəal iştirak etməyi tövsiyə edib.
Şəhid ailələri, müharibə iştirakçıları və veteranları, müharibə ilə əlaqədar əlillik
təyin edilən şəxslərə qanunvericilikdə verilən hüquq və imtiyazlar, bu sahədə
həmkarlar ittifaqlarının gördükləri işlər barədə qeyd olunub ki, həmin
kateqoriyadan olan şəxslərin sosial problemlərinin həllinə köməklik göstərmək
məqsədi ilə bir sıra tədbirlər həyata keçirilib. Sosial partnyorlarla imzalanan Baş
Kollektiv Sazişdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi
istiqamətində müvafiq işlərin davam etdirilməsi nəzərdə tutulub. Eyni zamanda
bəzi üzv təşkilatlar ilə işəgötürən arasında bağlanan tarif sazişlərində də bu
qəbildən olan iştirakçılar üçün əlavə güzəştlər var. Bakı Metropoliteni QSC ilə
Metropoliten işçilərinin həmkarlar ittifaqı arasında 2021-2023-cü illər üçün
bağlanmış Kollektiv Müqavilədə QSC ölkə Prezidentinin fərman və
sərəncamlarına əsasən, orden, medal və fəxri adlarla təltif olunmuş işçilərə
respublika üzrə minimum əməkhaqqının 50%-i miqdarında aylıq ödəniş
verilməsini öhdəsinə götürüb və təmin edib. Sahə həmkarlar ittifaqları
tərəfindən 2022-ci ilin ötən dövrü ərzində şəhid ailə üzvlərinə və müharibə
iştirakçılarına 1 790 yollayış verilib. Azərbaycanın ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar hərbi vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi
xidmət nəticəsində əlil olmuş 400 nəfərin 4 ay ərzində sanatoriya-kurort
müəssisələrində müalicəsi və istirahətinin təşkili üçün Konfderasiyanın vəsaiti
hesabına 357 min manat dəyərində 400 yollayış ayrılıb və əvəzsiz olaraq
verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN)

təqdim edilib. AHİK əhalinin həssas qruplarının özünəməşğulluğunun təşkilinə
köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair AHİK və ƏƏSMN arasında
imzalanmış memoranduma müvafiq olaraq ƏƏSMN-ə və Naxçıvan Muxtar
Respublikasının ƏƏSMN-ə ümumilikdə 450 min manat vəsait köçürüb. AHİK
şəhid ailələrinin qayğılarını, problemlərini, çətinliklərini həmişə öyrənib və bu
problemlərin həllində daima onlara yardımçı olub.
İcraiyyə Komitəsində gündəlikdə olan digər məsələlərə dair də müzakirələr
aparılıb, müvafiq qərarlar qəbul edilib.

Sonda AHİK sədri Səttar Möhbalıyev əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması,
bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma
endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi
məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə
edib.

S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün
müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə
uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə
həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın
müqəddəs borcu olduğunu vurğulayıb.


Digər xəbərlər

0.2422730922699