Səttar Möhbalıyev: “Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir”

14:08 11-01-2023 | icon 1366
Səttar Möhbalıyev: “Dövlətimizin idman siyasətinin uğurları ildən-ilə yüksəlir”

“Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyev
bütün sahələrdə olduğu kimi, idmanın da inkişaf strategiyasını müəyyənləşdirdi.
Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa
müddətdə böyük nailiyyətlərin əsası qoyuldu. Ulu Öndərin siyasi kursunu
uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində ölkəmizdə idmanın kütləviliyi daha da təmin olundu, bədən
tərbiyəsi və idmanın inkişafı bütün ölkə ərazisini əhatə etdi, dünya şöhrətli yeni-
yeni idmançılar yetişdi. Əsasən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin
prezidenti seçildikdən sonra bu hal ölkəmizdə geniş vüsət aldı, olimpiya
hərəkatı, idman yüksələn xətlə dönməz inkişaf yolu tutdu. Fəxarətlə deyə bilərik
ki, bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə, dünyanın aparıcı
ölkələrindən biri hesab olunur. İdmançılarımız istər yerli, istər regional, istərsə
də beynəlxalq yarışlarda böyk nailiyyətlərə imza atır, ölkəmizi ləyaqətlə təmsil
edərək üçrəngli bayrağımızı ucaldırlar.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkəmiz beynəlxalq idman yarışlarını etibarlı şəkildə təşkil
edən ölkə statusunu qazanıb: “Formula-1 yarışları, I Avropa və lV İslam
Həmrəyliyi oyunları, 17 yaşadək qızlar arasında futbol üzrə Avropa
çempionatının final mərhələsi, həmçinin futbol üzrə Avropa çempionatının 3
qrup oyunu və 1 dörddə bir final mərhələsi ölkəmizdə möhtəşəm, nümunəvi
şəkildə və peşəkar səviyyədə təşkil edildi. Bu, beynəlxalq ictimaiyyət və
dünyanın aparıcı idman təşkilatları tərəfindən təqdir olundu. Bütün bunların
təməlində dövlətimizin başçısı Cənab İlham Əliyevin uğurlu idman siyasəti
dayanır”.

Milli Məclisin deputatı vurğulayıb ki, idman sahəsində böyük uğurlar qaznmış,
ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmiş idmançılarımız hərtərəfli
dövlət qayğısı ilə əhatə olunur: “Onlar ölkə ictimaiyyətinə təntənəli şəkildə
təqdim edilir, nailiyyətləri yüksək qiymətləndirilir. Bu il yanvarın 9-da 2022-ci
ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Tədbirdə iştirak edən
dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev
ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman
mütəxəssislərini mükafatlandırdı. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı
ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə
olduğu kimi, 2022-ci il də ölkəmizin idman həyatında uğurlu il oldu. İl ərzində
idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında və digər
rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazandılar. Onlardan da
356-sı Olimpiya, 384-ü qeyri-Olimpiya, 97-si isə paralimpiya proqramına aidir.
Bu, kifayət qədər böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizin idman
siyasəti uğurlu nəticələrini verməkdədir”.
“Ölkəmizdə idmanın təbliği, bu sahəyə olan maraq ildən-ilə yüksəlir. Gənclərin
sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ölkədə bədən
tərbiyəsinin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Hazırda elə bir
bölgəmiz yoxdur ki, orada olimpiya idman kompleksi olmasın. İşğaldan azad
edilmiş Şərqi Zəngəzurda və Qarabağda da idman qurğularının yaradılması
nəzərdə tutulub. İnanırıq ki, sakinlər öz doğma yurdlarına qayıtdıqdan sonra
həmin bölgəmizdə də idmanın inkişafı təmin ediləcək, orada beynəlxalq yarışlar
keçiriləcək. Bu da idmanla yanaşı, ölkə turizminin uğurlu gələcəyinə,
mədəniyyətimizin təbliğinə və inkişafına mühüm töhfələr verəcək”, -
S.Möhbalıyev qeyd edib.


Digər xəbərlər

0.26685690879822