Bakı metrosunun bəzi stansiyaları 20 yanvarda iş rejimini dəyişəcək

10:58 18-01-2023 | icon 775
Bakı metrosunun bəzi stansiyaları 20 yanvarda iş rejimini dəyişəcək

20 yanvar faciəsinin 33-cü ildönümündə "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

 

Məlumata görə, həmin gün qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaransa xəttə veriləcək.

Bundan başqa, hər il olduğu kimi bu il də "20 yanvar" stansiyasında anım mərasimi keçiriləcək. Bu məqsədlə artıq stansiyanın vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib. Ənənəyə uyğun olaraq, stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq.

Stansiya platformasında qərənfillərdən xüsusi bədii tərtibatlı çələng qoyulacaq. Məhz platformada qoyulmuş çələngin ətrafında “Bakı Metropoliteni”nin rəhbərliyinin də daxil olduğu kollektivin üzvləri ictimaiyyətin nümayəndələri və stansiyaya gələn sərnişinlərlə birlikdə şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcək. Ölkəmizdə şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi saat 12:00-da keçiriləcək. Həmin vaxt üçün əvvəlcədən xüsusi işlənmiş plan əsasında bütün qatarlar stansiyalara çıxarılacaq. Qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək.

Formalaşmış ənənəyə əsasən, şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti kimi günün birinci yarısında “20 Yanvar” stansiyasının platfromasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək.

Gün ərzində bütün stansiyalarda günün ruhuna uyğun musiqilər və marşlar mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə yayımlanacaq. Qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər radiorabitə vasitəsilə səsləndirəcək.


Digər xəbərlər

0.31928205490112