Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

13:45 19-01-2023 | icon 764
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük
faciə deyil, həm də ləyaqətini qorumaq üçün canını belə qurban verməyə hazır
olan xalqımızın tarixində şərəfli bir səhifədir.
Bu, Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış hərbi cinayət idi.
Belə ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər
nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min
nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu”
aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında)
yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə
Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və
əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
Həmin günlərdə fövqəladə vəziyyət elan olunanadək törədilmiş
cinayətlərdən danışarkən qeyd etmək lazımdır ki, “Mülki və siyasi hüquqlar
haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman
imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə
rəsmi xəbərdarlıq edilməlidir. Lakin, fövqəladə vəziyyətin yanvarın 20-də saat
00.00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-
dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı
əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili
işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata
keçirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 hərbi
qulluqçu amansızcasına qətlə yetirildi, 20 nəfəri ölümcül yaraladılar. Kütləvi
insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da
radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq
edildiyi barədə rəsmi məlumatı efirə verdi. Halbuki, yanvarın 20-də saat 00.00-
dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli
döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus
gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən
sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər
öldürüldü.
Həmin günlərdə fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın
25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirildi.

Ümumilikdə həmin günlərdə Azərbaycan ərazisində 147 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80
avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak
məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka külli miqdarda maddi ziyan
vurulmuşdu.
Tarixə Nürnberq prosesi kimi daxil olmuş beynəlxalq tribunalın (Nürnberq
şəhəri, 1945- 1946-cı illər) qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri
dünya və insanlıq əleyhinə qəsd (mülki əhalinin qırılması, onunla qəddar
davranış, ictimai və şəxsi əmlakın talanması və s.) hazırlamaqda və həyata
keçirməkdə ittiham olunmuşlar. Məhz buna görə indiyədək dünyanın hər
yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan
nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər. Nürnberq
prosesi tarixdə təcavüzü ən ağır cinayət elan etmiş ilk beynəlxalq məhkəmədir.
SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında
Azərbaycana soxulmuş sovet hərbi kontingentinin hərəkətlərində Nürnberq
prosesində pislənmiş bütün əlamətlər vardır, lakin buna baxmayaraq, bu
cinayəti törədənlər məsuliyyətdən kənarda qaldılar.
Bu gün əminliklə deyə bilərik ki, 20 Yanvar hadisələri Azərbaycan milli
kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa
edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi
reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil
Azərbaycanda gördü.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün
bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya
azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə
olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə
təşkilatlanmağa başladılar.
Bu hadisədən sonra xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son
həddə çatdı və Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun
sıralarını tərk etdilər. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan vəzifəli
şəxslər və sonra AXC-Müsavat hakimiyyəti 20 Yanvar hadisələrinə siyasi
qiymət vermədi.
20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz isə məhz Ulu Öndər
Heydər Əliyev tərəfindən səsləndirilmişdi. Heydər Əliyev həyatını təhlükə
qarşısında qoyaraq, Sovet hakimiyyətinin bu əməlinə etiraz etdi və Azərbaycan
xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-

cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı
faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. O, cəsarətlə
bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə
zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud
siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı
SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi.
Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiyməti Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi verdi. Ali
Məclis 20 Yanvar faciəsinə ilk siyasi qiymət verərək 21 noyabr 1990-cı il tarixli
qərar qəbul etdi. Bundan sonra isə Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə
1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider
Heydər Əliyev dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin
başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun
nəticəsində həqiqətlər üzə çıxdı.
Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən “20 Yanvar Şəhidi”
fəxri adı təsis edilib. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar
hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial
müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam
etdirən Prezident İlham Əliyev də şəhidlərimizin xatirəsinin uca tutulmasına,
şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq
məqsədilə təqaüd verilir.
Bu gün 20 Yanvar hadisələrindən 33 il keçməsinə baxmayaraq, Azərbaycan
xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın
qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından
keçmiş oğul və qızlarını unutmur və heç vaxt da unutmayacaq.

Elşən Abdullayev
Saatlı rayonu Mircəlalkənd kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.31832718849182