Qaradağda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi

20:51 19-01-2023 | icon 106
Qaradağda 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi

Bu gün Qaradağ rayonunda “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, başçının müavini Nadir Muradov, şöbə müdiri Munis Bayramov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, 20 Yanvar şəhid ailəsi və 13 nəfər 20 Yanvar faciəsinin əlilləri iştirak edirdilər.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib:

“Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır".

Daha sonra çıxışını davam edərək bildirib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev 20 Yanvar faciəsi ilə bağlı fikirlərini izah edərək M.S.Qorbaçov başda olmaqla faciənin səbəbkarlarının və günahkarlarının ilk dəfə həmin dövrdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən bəyan edilməsini xatırladıb.

20 Yanvar faciəsinin əlili İbrahimli Bafadar çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladı və baş verən hadisələrdən danışıb.

Rayon rəhbərliyi 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib.

Tədbirin yekununda 20 Yanvar şəhid ailəsinə və 13 nəfər faciə iştirakçısına rayon icra hakimiyyəti tərəfindən humanitar yardım göstərilib.

 

 



Digər xəbərlər

0.2654139995575