Türkiyədəki zəlzələ Azərbaycan xalqını çox sarsıtdı

10:09 14-02-2023 | icon 1021
Türkiyədəki zəlzələ Azərbaycan xalqını çox sarsıtdı

Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik
çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Biz indi
növbəti dəfə təbiətin amansız sınağı ilə üzləşmişik.
Bu zəlzələnin son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ
olduğu bildirilib. Türkiyədə güclü zəlzələlər nəticəsində çoxsaylı insan tələfatı
ilə əlaqədar yeddigünlük milli matəm elan olunub. . Qardaş Türkiyənin 10
vilayətində baş vermiş təbii fəlakət nəticəsində minlərlə insanın həlak olması,
saysız-hesabsız insanın yaralanması, evsiz-eşiksiz qalması doğrudan da dəhşətli
faciədir. Qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı.
Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə
ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş
ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi
Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək və yardım
göstərən Azərbaycan bu dar gündə də qardaşının köməyinə çatan ilk ölkə
oldu.Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin
aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal
yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram
səhifəsində paylaşım etdi: "Türkiyənin cənub-şərqində baş vermiş güclü
zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə
zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin
hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa
tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir
diləyirəm!”
Bu gün Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq
üçün bütün imkanlardan istifadə edir. Kimin imkanı nəyə çatırsa, onu da
əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası
səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl
qardaşlıq əlaqələri mövcuddur.
İctimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq
böyük təşəbbüsə start verib. Fondun bütün imkanları, Fondun nəzdində çalışan
bütün insanlar artıq bu yardım kampaniyasına qoşulublar. Özəl sektor da öz
dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi
yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Azərbaycanın ən
böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə
böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə
şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət
qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın
təşkilində fəaldırlar.

Bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə
xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik.
Təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını ümid edir, hər zaman
sevincimizin və kədərimizin bir olduğu dost və qardaş Türkiyənin yanında
olduğumuzu qətiyyətlə bildiririk. Hər kəs bilir ki, Azərbaycan-Türkiyə
qardaşlığı əbədidir, dönməzdir.


Qənbərova Dürrə
Saatlı rayonu Qırağlı kənd tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.22384309768677