Ölkəmizin enerji potensialının artırılmasına töhfə

20:51 15-02-2023 | icon 911
Ölkəmizin enerji potensialının artırılmasına töhfə

Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında demişdir ki, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir.

 

       Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün demək olar ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır.

 

       Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.

 

Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerji daşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi barədə daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atmalıdırlar.

 

Bu baxımdan zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan həmişə alternativ nəql imkanlarının axtarışında olan Avropanın və digər dünya dövlətlərinin diqqətini cəlb etməkdədir.

 

         2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Yeni tikiləcək stansiya ətraf mühitin qorunmasına töhfə olacaq. Yəni bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

 

      Yeni stansiya Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.

       Xəlil Məmmədov,

Cəlilabad şəhər 7 nömrəli

tam orta məktəbdə müəllim, YAP fəalı


Digər xəbərlər

0.24096393585205