“Bəzi risklərə getməliyik” - Qurban Qurbanov

21:05 15-02-2023 | icon 814
“Bəzi risklərə getməliyik” - Qurban Qurbanov

“Qarabağ” Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Belçikanın "Gent" klubunu qəbul edəcək.
 
Qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
 
- Çox vacib oyuna çıxırıq. İkinci dəfədir pley-off mərhələsindəyik. Çox istəyərdik ki, keçənilkindən daha yaxşı oynayıb, daha yaxşı nəticə qazanaq. Bunun üçün sabah meydanda hər detalın düzgün istifadə olunmasına çalışacağıq. Bütün futbolçular buna hazırdır. Qarşımızdakı rəqibin özünəməxsus oyun üslubu var. Çox sürətli futbolçuları var, çox sürətli oynayırlar. 90 dəqiqə meydanda yaxşı pressinq edirlər. Məncə, maraqlı oyun alınacaq. Çox istəyirik ki, azarkeşləri yaxşı oyun, yaxşı nəticə ilə sevindirək. Bəzi risklərə getməliyik. Hər zonada diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı mübarizə aparıb, yaxşı nəticə əldə edək. İlk oyundur. Bəlkə matçın müəyyən hissəsində, müəyyən epizodlarda daha ehtiyatlı olmalıyıq. Çünki cavab görüşü var. Hər halda, sabahkı oyunu düşünürük. Azarkeşlərimizin qarşısında yaxşı mübarizə, yaxşı oyun göstərmək istəyirik.
 
- Doğma meydan, tanış azarkeşlər, "Gent" isə uzaq məsafə qət edib. Sizi narahat edən məqam nədir?
- Doğma Bakımızda oynayırıq. Azarkeş və öz meydanımız baxımından üstünlük bizim tərəfimizdədir. Böyük problemimiz yoxdur. Sadəcə komanda tam mənim istədiyim hazırlıqda deyil. Amma inanmıram ki, bu hansısa problem yaratsın. Qarşıda daha yaxşı "Qarabağ", oyundan-oyuna daha yaxşı performans gözləyirəm. Yanvardan bu yana istədiyimiz səviyyəyə gəlib çatmamışıq. Bu da böyük narahatlıq verməli deyil. Hər bir halda daha yaxşı olmağa çalışırıq və olacağıq.
 
- Yeni transferlər komandaya uyğunlaşıb? Sabah onlardan hanısını meydanda görəcəyik?
- Uyğunlaşmaq çətin olmayacaq. Sadəcə hazırlıqları o səviyyədə deyil ki, 90 dəqiqə meydanda mübarizə apara bilsinlər. Kollektivə tam uyğunlaşıblar. Əvvəl sanki utancaqlıq var idi, bizim mentalitetə tam uyğunlaşmamışdılar. Amma get-gedə daha sərbəst hiss edirlər özlərini. Sadəcə əvvəlki performanslarını qaytarmalıdılar ki, bizim də istədiyimiz kimi olsun. Kimin oynayacağı matçın gedişatından asılı olacaq. Sabah səhər də məşqimiz var. Kimin oynayacağı sabah bilinəcək. Yenilərdən kiminsə start heyətində olmaq ehtimalı da var, sonradan meydana çıxmaq ehtimalı da.
 
- Belə rəqibə qarşı ilk oyunu evdə oynamaq daha yaxşıdır?
- Son vaxtlar bu haqda düşünmürəm. Çünki futbol son vaxtlar elə səviyyəyə gəlib ki, evdə və ya səfərdə oynamaq fərq etmir. Öz azarkeşlərimizin qaşrısında oynamaq xoşdu hamıya. Əvvəl fikirləşirdik ki, ilk matçın səfərdə olması daha yaxşıdır. Amma xeyli sayda oyunlarımız olub ki, Bakıda heç-heçə edib, səfərdə qalib gəlmişik, cütün taleyini səfərdə həll etmişik. Bugünkü durumda bəlkə evdə oynamaq daha yaxşıdır. Belə düşübsə, edəcəyimiz bir şey yoxdur. İlk qarşılaşma səfərdə olsaydı, bəlkə başqa cür hazırlaşardıq. Belədirsə, buna uyğun hazırlaşırıq. Cavab oyunu tam fərqlidir. İlk matçın nəticəsinə görə ikinci oyuna hazırlaşırsan.
 
- Qapıda Luka Quqeşaşvili olacaq, yoxsa Amin Ramazanov?
- Heyətdə çox dəyişikliklər oldu. Zədəlilər, komandadan gedənlərə baxsaq, heç də az dəyişiklik deyil. Bu gün 3-4 futbolçumuzun heyətdən kənar olması, bizim üçün asan deyil. Bugünkü "Qarabağ"dan daha yaxşı "Qarabağ"ı gələcəkdə görəcəyik. Oyunumuzu tam formalaşdırmamışıq. Kadi və Ovusunun olmaması, Vadjinin getməsi, Abbasın zədələnməsi... Elə oyunçular var ki, özlərinə tam gəlməyiblər. Bunlar narahat edən məqamlardır. Amma qapıya gəldikdə, sabahkı oyunda hər ikisinin oynamaq ehtimalı var. Tam qərar verməmişəm. Oyunda biləcəksiz.


Digər xəbərlər

0.26663398742676