Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Münxendə Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha ortaya qoydu”

22:22 20-02-2023 | icon 919
Səttar Möhbalıyev: “Prezident İlham Əliyev Münxendə Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha ortaya qoydu”

“Azərbaycan beynəlxalq münasibətlər sisteminin önəmli aktorlarından biri
olaraq aparılan qlobal müzakirələrin əsas iştirakçılarındandır. Artıq ölkəmizin
beynəlxalq və regionla proseslərə təsir imkanlarını dünya dövlətləri dərindən dərk
edir və bu istiqamətdə verdiyi töhfələri yüksək qiymətləndirirlər. Pandemiya
dönəmində Azərbaycanın təşəbbüsləri, atdığı adımlar, həmçinin reallaşdırdığı
layihələrin yaşanan enerji böhranı fonunda optimal nəticələri onun beynəlxalq
mövqeyini xeyli yüksəldib. Bura ölkəmizdə bərqərar olan davamlı sabitliyi, sadiq
tərəfdaş statusunu qazanmasını da əlavə edə bilərik. Təbii ki, qeyd etdiyim
məqamlar dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün son dərəcə vacib
amillərdir. Nəzər salanda görürük ki, Azərbaycan mövzusundan asılı olmayaraq
istənilən qlobal əhəmiyyətli tədbirlərə dəvət olunur, dövlətimizin başçısı cənab
İlham Əliyevin rəy və təklifləri dinlənir və yüksək qiymətləndirilir. Ölkəmizin
mövqeyi hər zaman sülh və təhlükəsizliyə əsaslanır, ədalət prinsipləri üzərində
qurulur”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, müzakirə predmeti beynəlxalq təhlükəsizlik olan
ənənəvi Münxhen Təhlükəsizlik Konfransının 59-cu görüşü də ölkəmiz üçün
əlamətdar oldu: “Bu platformada dünyanı narahat edən ən vacib problemlər
gündəliyə çıxarılır və gəlinən qənaətin proseslərə təsiri böyükdür. Budəfəki
mövzular da dünya üçün, o cümlədən ölkəmiz üçün aktual idi. Belə ki, enerji
təhlükəsizliyi, "yaşıl enerji", Cənubi Qafqazda təhlükəsizlik məsələlərində
ölkəmizin rolu çox yüksəkdir. Münxen Təhlükəsizlik Konfransında iştirak edən
Prezident İlham Əliyev bir sıra vacib görüşlər keçirdi, dəyirmi masada, plenar iclasda iştirak etdi. Öncə onu deyim ki, dövlətimizin başçısı keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi qüdrətinə, enerji potensialına, xarici sərmayədarlar üçün
önəminə, logistika və nəqliyyat imkanlarına diqqət çəkdi. Eləcə də keçirilən
dəyirmi masada enerji təhlükəsizliyi ilə bağlı qiymətli fikirlər səsləndirdi, bu
sahədə ölkəmizin rolunu bir daha ifadə etdi, qarşıdakı hədəfləri səsləndirdi.
Azərbaycan 2027-ci ilədək TAP-la qaz nəqlini 20 milyard kubmetrə, TANAP-la
isə 31 milyard kubmetrə çatdırılması niyyətindədir. Görürük ki, Azərbaycan
Avropaya qaz ixracının artırılması istiqamətində səylə çalışır, hazırda regionda bu
istiqamətdə yaşanan böhranın aradan qaldırılmasına mühüm töhfələr veririr”.
“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi
Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda
Prezident İlham Əliyev dövlət maraqlarına söykənərək sərrast nitqi, dəmir məntiqi,
tutarlı arqumentləri ilə məsələlərə münasibət bildirdi, Azərbaycanın sülhsevər
mövqeyini ortaya qoydu. Təbii ki, Azərbaycan uzun illərdir Cənubi Qafqazda sülh
və sabitlik, əməkdaşlıq naminə çalışır və bütün səyləri buna əsaslanır. Vətən
müharibəsinin nəticələri regionda əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
Dövlətimizin başçısı hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədən şəxslərə dəqiq
cavab verdi. Bu, həqiqətdir ki, “Dağlıq Qarabağ” adını axtaranlar tarixə baş
vursunlar, bu gün isə Azərbaycanda belə bir ərazi yoxdur. Prezidentimiz həmçinin
Qarabağda yaşayan ermənilərin blokada şəraitində olması ilə bağlı əsasız iddialara
da münasibət bildirdi, əsl həqiqəti iştirakçıların diqqətinə çatdırdı. Məlumdur ki,
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində
təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir, həmin ərazilərdə ekoloji vəziyyət
pisləşib. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar bu səbəbdən
Şuşa-Laçın yolunda humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Rusiya
sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin
nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər, o cümlədən uşaqlar və xəstələr ərazidən sərbəst keçə bilirlər. Sözsüz ki, bununla bağlı qarşı tərəfin səsləndirdiyi fikirlər yalnız uydurmadır”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransında beynəlxalq
ictimaiyyət Azərbaycanın dünya üçün vacib ölkə olduğunu, ədalətli yanaşmalarını,
sülh və təhlükəsizlik naminə səylərini gördü və bu, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik nailiyyətdir.


Digər xəbərlər

0.23629713058472