Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi 

19:35 21-02-2023 | icon 779
Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi 

Yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxışındakı fikirləri bütün iştirakçıların diqqət mərkəzində idi. Prezident hər zaman iştirak etdiyi bütün beynəlxalq, regional tədbirlərdə Qafqazda sabitlik və daimi sülhün qorunub saxlanmasına dair strateji təkliflərlə çıxış edir. Bu dəfə də belə oldu.

30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur.

Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Ermənistanın kapitulyasiya etməsi Azərbaycanın hərbi qələbəsi demək idi. Prosesin davamı olaraq, Azərbaycan Moskvada və Soçidə keçirilmiş görüşlərdən siyasi-diplomatik qələbə ilə ayrıldı ki, bununla da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi.

 Münxen Konfransında son illər cərəyan edən siyasi proseslər, münaqişə riskləri və Ukrayna müharibəsi ilə yanaşı, Cənubi Qafqaz regionunda sülhə təhdid yaradan amillərin də aradan qaldırılması istiqamətində faydalı dialoqların qurulmasında Azərbaycan “açar” rolunu oynamasına dair də müzakirələrə yer verildi. Avropanın enerji və siyasi təhlükəsizliyində qarşılaşdığı çətinliklərin öhdəsindən gələ bilməsi üçün Cənubi Qafqaz bölgə olaraq Avropa İttifaqının maraq dairəsindədir. Biz bir daha əyani şəkildə şahid olduq ki, Azərbaycan Prezidenti İlham Əliyevin  praqmatik və uzaqgörən siyasəti, diplomatik məharəti ilə bir çox dövlət başçılarına nümunədir. Onun dünyada gedən prosesləri düzgün təhlil edərək atdığı addımlar, qəbul etdiyi qərarlar, həyata keçirdiyi mühüm layihələr ölkəmizin nüfuzunu gündən–günə artırır.

Ramil İbrahimov,

Masallı Regional Mədəniyyət İdarəsi

Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.24002909660339