Səttar Möhbalıyev: “Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı”

17:54 24-02-2023 | icon 787
Səttar Möhbalıyev: “Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı”

“Xocalı soyqırımına baxmaq kifayət edir ki, cinayətkar erməni siyasətinin
mahiyyətini dərk edəsən. Bu, onların əsl simasıdır. Belə çirkin əməlləri ilə
tarixin yaddaşında qara səhifələr açıblar. Düşmənçilik, ərazi iddiaları, təcavüz,
terror, soyqırımı onların xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki,
ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına
sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın
200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları
“Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar. Həmin yalançı
iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən
qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün
fürsət bilib qanlı cinayətlərə əl atıblar”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı ümumilikdə insanlığa, bəşəriyyətə
qarşı yönəlmiş ən qanlı cinayətdir: “Həmin gecə dinc sakinlər qətl edilib,
körpələr, qadınlar, qocalar öldürülüb. Demək olar ki, bütün şəhər amansızcasına
məhv edilib. Bu hadisə Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi son dərəcə
ağır və dəhşətlidir. Azğın ermənilər Xocalıda insanlar üzərində tamamilə
təhqiredici hərəkətlərə əl atıblar, insanların başının dərisini soyub, başlarını və
bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların
qarnını yarıblar. Təbii ki, bu əməllər insan xarakterinə aid deyil, amma millətçi-
şovinist ermənilər bunu ediblər. Hətta bu əməli törədənlər özlərini qəhrəman
sayıblar, dövlətlərindən mükafatlar alıblar”.
AHİK sədri qeyd edib ki, Xocalı faciəsinə ilk siyasi qiyməti Ulu Öndər Heydər
Əliyev verib: “Belə ki, onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Həmçinin Ulu Öndərin 1997-ci ildə imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkə
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq
sükut dəqiqəsi elan edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi
ilə uzun illərdir Xocalı soyqırımının dünya miqyasında tanıdılması
istiqamətində fəal iş aparılır.
Məhz bunun nəticəsidir ki, artıq Xocalı soyqırımı ilə bağlı Bosniya və
Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika,
Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya,
Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları müvafiq
parlament qətnamələri qəbul ediblər. Həmçinin soyqırımı ABŞ-ın 30-dan çox
ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində
tanınıb. Bu yerdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasını
qeyd etmək istəyərdim. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir, sərgilər,
toplantılar, konfranslar, seminarlar keçirilir”.
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz
Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu məhv etdi, Şərqi Zəngəzuru və
Qarabağı böyük qəhrəmanlıqlar göstərərək işğaldan qurtardı. Üçrəngli, ay-
ulduzlu bayrağımız bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanır. Bütün
şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının ruhu şaddır, onların
qanı yerdə qalmadı, qisasları döyüş meydanında layiqincə alındı”, - Milli
Məclisin deputatı deyib.


Digər xəbərlər

0.3261981010437