Hazırda Sülh üçün vaxt yetişib

12:33 14-03-2023 | icon 729
Hazırda Sülh üçün vaxt yetişib

Hazırkı dövrdə qlobal miqyasda bir sıra münaqişələr yaşanır. Münaqişələr uzandıqca beynəlxalq miqyasda sabitliyə və təhlükəsizliyə təhdidlər də artır. Bu barədə 60 ölkədən 350 iştirakçının, o cümlədən 50-dən artıq hazırkı və sabiqprezidentin, baş nazirin qatıldığı X Qlobal Bakı Forumunda da səmərəli diskussiyalar aparılıb. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında ölkəmizin təcrübəsinə istinad etməklə münaqişələrin həlli yollarına diqqət çəkib. Dövlətimizin başçısının bildirdiyi kimi, münaqişələrin həlli iki cür olur - dinc yolla və qeyri-dinc yolla. Azərbaycan xalqı düz üç onillik ərzində Ermənistanın işğalçılıq siyasəti ucbatından yaranan keçmiş Dağlıq Qarabağ münaqişəsinə görə əziyyət çəkib. Torpaqlarımızın 20 faizinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində Ermənistan tərəfindən güc tətbiq etməklə işğal altına alınması Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdu. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdi. Bütün bunların müqabilində Ermənistan özünü məsuliyyətsiz dövlət kimi aparırdı. İşğal altındakı torpaqları istənilən yolla, o cümlədən hərbi vasitələrlə geri qaytarmaq Azərbaycanın legitim hüququ idi. Bunu etməyə həm də ölkəmizin geniş imkanları var idi. Prezident İlham Əliyevin səyləri sayəsində Azərbaycan öz iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırmış və maliyyə imkanlarını genişləndirmişdi. Bu əsasda ölkəmiz qısa müddətdə qüdrətli ordu qurmağa nail oldu. Azərbaycanın hər il Silahlı Qüvvələr üçün ayırdığı vəsait işğalçı Ermənistanın ümumi illik büdcəsini üstələyirdi. İndiki dövrdə orduların müasir silahlarla təchizatını həyata keçirmək elə də asan bir məsələ deyil. Ancaq ölkəmiz Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzu, Azərbaycana çoxlu dostlar qazandırması sayəsində bunu etməyi bacardı-müasir, innovativ silahlar ordumuzun arsenalına cəlb olundu, texniki təchizat yüksək səviyyəyə qaldırıldı, eyni zamanda, kadr potensialı gücləndirildi. 2020-ci ildən əvvəl nüfuzlu beynəlxalq hesabatların birində dünya ordularının reytinq cədvəli dərc olunmuşdu. Həmin cədvəldə Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasında yer alırdı.

    Belə güclü Orduya malik olan respublikamız istənilən vaxt özünün legitim hüququndan istifadə etməklə torpaqlarını hərbi yolla işğaldan azad edə bilərdi. Ancaq respublikamız xoş məram nümayiş etdirərək təxminən 28 il ərzində sülh danışıqlarına qatıldı və daim konstruktivlik göstərdi. Qarşı tərəf isə fərqli yanaşma ortaya qoyurdu. Azərbaycanın daim münaqişəni dinc yolla həll olunmasına çağırışlar etməsinin müqabilində Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirməyə əsla tələsmirdi. Xatırladaq ki, həmin sənədlərdə işğalçı erməni hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Ermənistan sözügedən qətnamələrə məhəl qoymamaqla beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərir və işğal məhsulu olan keçmiş status-kvonu uzatmağa çalışırdı. 1992-ci ildə münaqişə yarandıqdan sonra ATƏT-in Minsk qrupu təsis edildi. Əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Danışıqlar prosesinin sonunda belə görünürdü ki, onlar, sadəcə, vəziyyəti dondurmaq istəyirlər. Təbii ki, belə vəziyyət torpaq itkilərinə məruz qalan Azərbaycanı qane edə bilməzdi. Belə olan halda Azərbaycanın daim təxribatlara əl atan, hətta yeni torpaqlar ələ keçirmək iddiası səsləndirən Ermənistanın davranışlarının qarşısını güc tətbiq etməklə almaqdan başqa yolu qalmadı. Bunu Forum iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev deyib: “Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Lakin biz bununla razılaşmadıq. Biz özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək düzgün olanı etdik. Biz öz ərazilərimizi güc tətbiq etməklə azad etdik. Bu, bizim legitim hüququmuz idi”.

   Artıq iki ildən çoxdur ki, postmüharibə mərhələsində yaşayırıq. Bunu regionda davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün fürsət kimi dəyərləndirmək lazımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, hazırda sülh üçün vaxt yetişib. Postmüharibə dövründə Ermənistanla sülh sazişinin imzalanması və iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın gündəliyinin mərkəzində dayanır. Dövlətimizin başçısı daim əsaslandırır ki, iki ölkə arasında sülh sazişi imzalanmadan digər prosesləri irəli aparmaq mümkün deyil. Hər iki ölkə beynəlxalq prinsiplərə və tarixi sənədlərə istinad etməklə bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycan postmüharibə dövründə qalib tərəf olaraq hər hansı bir imtiyaz gözləmədən və şərt irəli sürmədən qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Beynəlxalq normalar əsasında hazırlanan bu sənəd iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün baza kimi götürülə bilər. “Beləliklə, hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”, - deyə Prezident İlham Əliyev bildirib.

    Ancaq işğalçılıq siyasətinə görə həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxan Ermənistan bu dəfə də Azərbaycanın sülh çağırışlarından yayınmaq məqsədilə müxtəlif manipulyasiyalara əl atır. Məğlub ölkə hər vəchlə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışır. Ermənistan lideri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə baş tutan görüşlərdə ölkəsinin sülhə hazır olduğunu bildirsə də, daxili auditoriya qarşısında fərqli fikirlər səsləndirir. Məhz onun təkidi ilə Avropa İttifaqı Ermənistana tərkibində Fransanın, Almaniyanın güc strukturlarının nümayəndələrinin də təmsil olunduğu mülki missiya göndərib. Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq hələ də Azərbaycan ərazilərindən hərbi birləşmələrini tam şəkildə çıxartmayıb. Eyni zamanda, bu ölkə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizdə mina terrorunu davam etdirir. Elə bu günlərdə üçtərəfli Bəyanatla müəyyənləşdirilən marşrutdan yan keçməklə Ermənistandan Azərbaycanın Qarabağ İqtisadi Rayonuna silah-sursat daşındığı, şəxsi heyətin qeyri-qanuni şəkildə rotasiya edildiyi barədə faktlar aşkarlandı. Ermənistanın adekvat olmayan davranışlarına aid belə faktların sayı kifayət qədər çoxdur. Bütün bunların fonunda Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı ərazilərdə antiterror əməliyyatına başlamaq hüququndan istifadə etməsinin aktuallığı diqqət mərkəzinə gəlir. Respublikamız o mövqedədir ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Qarabağ İqtisadi Rayonunda yaşayan erməni əsilli insanlar Azərbaycan vətəndaşlarıdırlar. Ölkəmiz onların bütün hüquqlarının qorunmasına təminatlar verir. Ancaq Azərbaycanın ədalətli yanaşması heç də ermənilərin torpaqlarımızda separatizm əməllərini davam etdirmələrinə  əsas vermir. Ölkəmiz, xalqımız bir dəfə - 44 günlük müharibədə göstərib ki, səbrin, humanizmin, xoş məramın da bir həddi var. Əgər Ermənistanda və Xankəndidə bunu anlamasalar, ölkəmiz növbəi dəfə legitim hüququndan istifadə etmək məcburiyyətində qalacaq.

 

Gülnarə Əhədova

Saatlı rayonu Sarıcalar kənd ümumi orta məktəbin direktoru


Digər xəbərlər

0.26227283477783