AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib

11:59 15-03-2023 | icon 1113
AHİK daha 5900 ailəyə bayram sovqatı göndərib

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)
tərəfindən qarşıdan gələn Novruz bayramı münasibətilə Respublikanın
rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün
ərzaqla dolu avtomobil karvanı yola salınıb.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin
kateqoriyadan olan 1250 ailəyə də bayram sovqatı verilib. Bununla da AHİK
tərəfindən sovqat göndərilən ailələrin ümumi sayı 36 minə çatıb.
AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə
qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında
2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci
ilin martında 4 065, noyabrında 4 500, dekabrında isə 4500 şəhid ailələri və
qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib.
Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada
yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə
maliyyə vəsaiti ayrılıb.
Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev bildirib ki, vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi
çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə
iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi
dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir: “Bu
məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının
təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai
təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı
ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr
göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar
ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə
dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə
xeyirxah addımlar atırlar”.

Səttar Möhbalıyev həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin
edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
gördüyü işlər haqqında da məlumat verib.


Digər xəbərlər

0.31496906280518