Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”

00:53 18-03-2023 | icon 758
Səttar Möhbalıyev: “Türk Dövlətləri Təşkilatının daha da güclənməsi üçün Azərbaycan mühüm töhfələr verir”

“Bütün siyasi fəaliyyəti ərzində milli maraqları hər şeydən üstün tutan dövlətimizin
başçısı cənab İlham Əliyev bu gün dünyada əhəmiyyətli regional və beynəlxalq
təşəbbüslərin müəllifi kimi tanınır. Onun Qoşulmama Hərəkatının sədri olaraq
pandemiya dövründə gördüyü işlər və bunun müsbət nəticələri hələ uzun illər
beynəlxalq ictimaiyyətin müzakirə mövzusu olacaq. Bu gün dünyada müharibələr
baş verir, sülh və sabitlik təhdid altındadır, yeni dünya düzəni formalaşır. Belə bir
məqamda Prezidentimizin müxtəlif beynəlxalq platformalarda səsləndirdiyi
fikirlər, irəli sürdüyü təşəbbüslər dünyanın gələcəyi üçün son dərəcə yüksək
qiymətləndirilir və onun dünya liderləri sırasında yer aldığını göstərir. Həmçinin
bu gün dünya ağır enerji böhranının girdabındadır. Etiraf olunduğu kimi, bu
problemin də aradan qaldırılmasında Azərbaycan mərkəzdə dayanan
ölkələrdəndir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
“Həmçinin qeyd edək ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında
münasibətlərin dərinləşməsində, təşkilatlanmasında, həmrəylik nümayiş
etdirilməsində əhəmiyyətli işlər görür. Bu gün qürurla deyə bilərik ki, artıq Türk
Dövlətləri Təşkilatı (TDT) regional güc mərkəzinə çevrilib və beynəlxalq siyasi
proseslərə təsir imkanları yüksəlməkdədir. Bildiyimiz kimi, martın 16-da Ankarada
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət - Fövqəladə halların
idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü baş
tutdu. Tədbir bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Qardaş
ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar dövlətimizin başçısı qardaş ölkəyə bir daha dəstəyini nümayiş etdirdi. Bu həmçinin Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin təzahürüdür”, - Milli Məclisin deputatı deyib.
Onun sözlərinə görə, Fövqəladə Zirvə görüşündəki çıxışında dövlətimizin başçısı
Azərbaycandan qardaş ölkəyə zəlzələ ilə əlaqədar göndərilən yardımlar haqqında
məlumat verdi: “Təbii ki, bu dəstək təmənnasız qardaşlığın göstəricisidir. İlk
gündən Azərbaycan qardaş ölkənin yanında oldu, həmrəylik nümayiş etdirdi,
təyyarələrlə, avtomobil karvanları ilə fəlakət zonasına yardımlar yola salındı,
xilasedicilər, həkimlər göndərildi. Heydər Əliyev Fondu tərəfindən də qurumun
Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələdən ziyan çəkənlərə
yardımlar çatdırıldı. Bu nəcib missiya Fond tərəfindən bu gün də davam etdirilir.
Həmçinin vətəndaşlarımız da bu məsələdə çox aktiv oldular, yardım toplama
məntəqələrinə əşyalar gətirdilər, ianələr topladılar. Yeri gəlmişkən xatırladım ki,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da qardaş ölkədən öz dəstəyini
əsirgəmədi. Belə ki, AHİK zəlzələ zonasında evsiz-eşiksiz qalmış insanlar üçün 10
ədəd konteyner ev göndərdi. Bundan başqa, zəlzələ qurbanlarına davamlı olaraq
humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün
500 000 manat vəsait köçürdü”.
“Dövlətimizin başçısı həmçinin çıxışında bölgədəki vəziyyət, o cümlədən
Ermənistanın hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən
çıxarmaması, Qarabağda qanunsuz erməni dəstələrinin qalması, Zəngəzur
dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikdən yayınması faktlarını
türkdilli ölkələrin dövlət başçılarının diqqətinə çatdırdı. Təbii ki, məğlub ölkə
olaraq kapitulyasiya aktına imza atan Ermənistan öhdəlikləri yerinə yetirməlidir.
Anlamalıdırlar ki, bütün bu məsələlərdə Azərbaycan Prezidenti prinsipial mövqe
ortaya qoyub. Belə ki, dövlətimizin başçısı uzun illər Ermənistanı sülhə dəvət etdi,
amma işğalçı ölkənin bundan boyun qaçırmasının nəticələri hamıya bəllidir. Ona görə də baş verən hadisələrdən dərindən dərs çıxarmalı, öhdəlikləri yerinə yetirməlidirlər”, - AHİK sədri vurğulayıb.
Səttar Möhbalıyev sonda əminliyini ifadə edib ki, Zirvə görüşündə aparılan
müzakirələr, qəbul olunan qərarlar, eləcə də Ankara Bəyannaməsi və mülki
müdafiə mexanizminin qurulmasına dair Protokolun imzalanması türkdilli ölkələr
arasında əməkdaşlığı genişləndirəcək, həmrəyliyi möhkəmləndirəcək və bu da
TDT-nin daha güclü və nüfuzlu təşkilata çevrilməsinə şərait yaradacaq.


Digər xəbərlər

0.30264711380005