"AAAF Xırdalan" və "Neftçi" kubokun növbəti yarımfinalçıları oldular

22:38 23-03-2023 | icon 633

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sonuncu qrup oyunları baş tutub və yarımfinalçılar müəyyənləşib.

Sərhədçi İdman Mərkəzində keçirilən matçlarda iki qrupda ümumilikdə 4 görüş keçirilib.

A qrupunda “Sabah” “AAAF Xırdalan”la qarşılaşıb. Görüş ikincilərin 85:82 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində Kamran Məmmədov 14 xal, 6 ribaund, “AAAF Xırdalan”da isə Devin Pullum 25 xal, 7 assistlə fərqlənən basketbolçular olublar.

Qrupun digər matçında “Sərhədçi” – “Gəncə”dən üstün olub – 80:75.

“Sərhədçi”nin heyətində Trevor Blekmon (16 xal, 1 ribaund), “Gəncə”də isə Əkbər Məmmədov (20 xal, 25 ribaund) ən məhsuldar oyunçular olublar.

Bu nəticələrdən sonra A qrupunda “Gəncə” və “AAAF Xırdalan” qrupu hərəyə 5 xalla tamamlayıblar. “Gəncə” birinci, “AAAF Xırdalan” isə ikinci yerlə yarımfinala yüksəlib.

B qrupunda NTD “Zirvə Astara”nı çətinliklə məğlub edib - 104:103.

Görüşün ən məhsuldar basketbolçuları NTD-də Londel Kinq (19 xal, 15 ribaund), “Zirvə Astara”da isə Ruşard Kruikşenk (51 xal, 9 ribaund) olublar.

B qrupunun digər qarşılaşmasında “Neftçi” – “Olimpik Şəki”yə şans verməyib - 100:74.

Matçın ən məhsuldar basketbolçuları kimi “Neftçi”də Zaur Quşanov (19 xal, 3 assist), “Olimpik Şəki”də Larri Robinson (24 xal, 7 assist) fərqləniblər.

B qrupunda hər üç oyununda qalib gələn NTD 6 xalla birinci, “Neftçi” isə 5 xala ikinci yeri tutub. Bu komandalar da yarımfinalda mübarizəni davam etdirəcəklər.

“Gəncə” – “Neftçi” və NTD – “AAAF Xırdalan” yarımfinal matçları martın 25-də baş tutacaq.


Digər xəbərlər

0.22456097602844