Yeni reallıqları hər kəs qəbul etməlidir

18:31 27-03-2023 | icon 483
Yeni reallıqları hər kəs qəbul etməlidir

        Bu gün xalqımız öz sevincli günlərini yaşayır, azad edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Artıq torpaqlarımız azad nəfəs alır, həmin ərazilərdə tonqallar yandırılır və yazın gəlişi hiss olunur. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir.

      Novruz ənənəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. «Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır», - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.

       Cənab İlham Əliyevin budəfəki bayramı Qarabağda qeyd etməsi ürəyimizdən xəbər verdi. Dövlət başçımızın Azərbaycan xalqına təbrikində deyildiyi kimi, Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilmişdir. İkinci Qarabağ müharibəsi başlayandan bir həftə sonra qan tökərək biz artıq Talış kəndini azad etdik, eyni zamanda, Suqovuşan qəsəbəsini azad etdik. Bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı, eyni zamanda, ordumuzun və xalqımızın mənəvi ruhunu da yüksəldirdi. Çünki Talış kəndinin strateji əhəmiyyəti hər kəsə bəlli idi.

          Prezident dedi ki, biz 44 gün ərzində ancaq irəli gedirdik, bir gün belə geri addım atmadıq. Biz 44 gün ərzində döyüş meydanında Azərbaycan xalqının gücünü və yüksək mənəvi keyfiyyətlərini göstərmişdik. Bir nəfər də olsun bizim ordumuzdan qaçan olmamışdır. Buna görə də İkinci Qarabağ müharibəsinin nəticələrini heç kim yaddan çıxarmasın. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır.

 Mehdi Kərimov,

Cəlilabad şəhər bələdiyyəsinin sədri


Digər xəbərlər

0.31429815292358