Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

11:28 29-03-2023 | icon 1007
Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən
biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin
formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir
neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə
reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik
münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun
şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar
və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə
malikdir.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi
yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib
ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları
görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq,
eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir
məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət
maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun
başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi
müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”
Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə
iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir.
Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə
bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə
cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür.
Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun
layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə
birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.
Bu istiqamətdə həyata keçirilən işlər çərçivəsində Prezident Administrasiyasının Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin
siyasi partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri mütəmadi olaraq davam edir.
Ölkənin ayrı-ayrı siyasi partiyalarının rəhbərləri ilə keçirilən görüşlərdə bir çox məsələlər
müzakirə edilir.
Belə ki, görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və
Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri,
xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə
qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş
ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu,
Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin
perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19
pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin
aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.
Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən
proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə
bütün zəruri tədbirləri görməlidirlər. Görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla
siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı
əlaqələrin dərinləşməsində tərəflər maraqlıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət
arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə
ehtiyacımız var”.
Belə ki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb.
“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında

güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar
rəqabətə dözümlü olduğunu sübut edirlər.
Qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və
qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil.
Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq
müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü
ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün
tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.
Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək,
Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq
mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə
hazır olduqlarını bildirirlər.

Fərəcov Nazim Muğdət oğlu
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.25341606140137