1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir

15:02 31-03-2023 | icon 680
1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir

Azərbaycanlılar son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik
təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından
didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Azərbaycan xalqının başına
gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak
silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.
       Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər
Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir.
Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı
amansızlıqla öldürülmüşdür. Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə
yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə
də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba
qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan
quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və
talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli
qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan
quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir. Ümumilikdə, 1918-1920-ci
illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir,
Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda,
Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi
nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi
Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər,
məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir. 1918-ci il mayın
28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat
Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır.
Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü
kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara
alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan
vermədi. Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti
uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır
beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı
yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq
əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin
1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın
12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması”
Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Azərbaycan
Respublikası 31 may 1996-cı ildə adı çəkilən Konvensiyaya qoşulmuşdur.
XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin
Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər
azərbaycanlılara qarşı tətbiq olunmuşdur. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü
qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə, bu
təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. Bununla

yanaşı, monoetnik dövlət yaratmağa nail olan Ermənistanın hərbi təcavüzü nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən 7
rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilmişdir.
Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Ermənistanın
bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan
çox əhali öz doğma torpağından məcburən köçkün düşmüş və hazırda Azərbaycan
ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün
dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi
qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi
təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif
dərəcəli xəsarət alaraq əlil olmuşdur.
      İndiki Ermənistan və Dağlıq Qarabağ ərazisindən azərbaycanlıların kütləvi
çıxarılması, dinc əhaliyə qarşı zorakılıq, vəhşiliklər Rusiya hökumətinin himayəsi və
köməyi ilə XX əsrin əvvəllərində, xüsusilə 1905-1907-ci illərdə xüsusi vüsət almışdır.
       Azərbaycanın Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Qazax, Qarabağ əyalətlərində
yüzlərlə kənd yandırılmış, əhali uşaqdan böyüyə qədər amansızcasına qətlə
yetirilmişdir.
      1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan
Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər
Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli
niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi
qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında
Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4
minlik silahlı dəstəsi iştirak etmişdir. Ümumiyyətlə, XX əsrin birinci yarısında
Zaqafqaziyada baş vermiş iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2
milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, öz ev-eşiyindən zorla
qovulmuşdur. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları
kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyiti tapılmışdır. Gənc qadınların
diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin
yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qaçıb
canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq
yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.

Samir Talıbov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


Digər xəbərlər

0.48688387870789